Karakas alov içində:
ABŞ Venesuelaya qarşı hərbi təcavüzə başlayıb - TƏHLİL
ABŞ ordusunun Venesuelaya qarşı hərbi təcavüzü başlayıb. Paytaxt Karakas bombalanır. Xüsusi təyinatlı qüvvələrin isə quru əməliyyata keçdiyi iddia olunur.
Venesuelanın paytaxtı Karakasda gecə səmasını partlayışlar işıqlandırıb. Şəhərdə azı yeddi güclü partlayışın səsi eşidilib, alov və tüstü qalxıb, bəzi rayonlar qaranlığa qərq olub. ABŞ ordusunun hava zərbələri endirdiyi, eyni zamanda xüsusi təyinatlı qüvvələrin quru əməliyyatına başladığı iddiaları regionu sarsıdır. Hadisələr Vaşinqtonun Venesuelanın nəhəng neft ehtiyatlarını ələ keçirmək və Latın Amerikasında güc siyasətini açıq müstəviyə daşımaq niyyətini gündəmə gətirir.
Məlumdur ki, ABŞ rəhbərliyi öz təsir zonası kimi gördüyü Latın Amerikasına dominantlığı ələ keçirmək istəyir, bu xüsusda Venesueladan sonra regionun digər ölkələrinə də müdaxilələr ehtimal olunur.
Qeyd edək ki, ABŞ və Venesuela arasında münasibətlər çox gərginləşib. ABŞ Maduro rəhbərliyini narkotik kartelləri ilə əməkdaşlıqda ittiham edir və son aylarda sanksiyalarla yanaşı hərbi təzyiqi gücləndirib.
Görünən budur ki, vaxtaşırı “8 müharibəni bitirmişəm” kimi absurd fikirlər səsləndirən Donald Tramp “cəngəllik qanunu”na üstünlük verir və beynəlxalq qanunlar, o cümlədən də BMT Təhlükəsizlik Şurasının qərarları onun üçün heç bir əhəmiyyət daşımır.
Ağ Ev hökuməti açıq şəkildə imperialist və real güc siyasətini həyata keçirir.