Avq 18, 2020 14:33 Asia/Baku
  • Çinin koronavirus peyvəndinin qiyməti bəlli oldu, amma gərək ikisini alasan

"Bir iynə 97 faiz müdafiə zəmanəti verir. Yarım aya COVID-19-a müqavimət üçün anticisim yaranır. Əgər iki iynə vurulsa, zəmanət 100 faizdir"

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Çinin istehsal etdiyi COVID-19 peyvəndi təsdiqləndikdən sonra bu ilin dekabr ayının sonunda bazara çıxarıla bilər. Bu barədə dövlət "Sinopharm" korporasiyasının idarə heyətinin sədri Lyu Tzinçjen bildirib:

"Aprelin 27-də Pekin Bioloji Tədqiqat İnstitutu aktiv olmayan peyvəndin klinik sınaqlarına başlayıb. Klinik sınaqların birinci və ikinci mərhələsinin nəticələri iyunun 28-də məlum oldu. İyunun 23-də isə "Sinopharm" Birləşmiş Ərəb Əmirliklərində beynəlxalq klinik sınaqların üçüncü mərhələsinə başladı. Beynəlxalq klinik sınaqların üçüncü mərhələsi başa çatdıqdan sonra peyvənd təsdiqlənəcək və bu ilin dekabr ayının sonuna qədər peyvəndin bazara çıxacağını gözləyirik".
Onun sözlərinə görə, fevralın 16-dan etibarən ağ siçovullar, siçanlar, Qvineya donuzları, makaka və dovşanlar da daxil olmaqla yeddi növ eksperimental heyvanda peyvəndin immunogenliyi barədə tədqiqatlar aparılıb.

Daha sonra peyvənd kiçik insan qrupu üzərində sınaqdan keçirilib və klinik sınaqlar başlanıb. Lyu Tzinçjen peyvəndin vaksinasiyasından sonra şiddətli əks-təsirlərin olmadığını və peyvənd vurulan şəxslərdə antikor yarandığını qeyd edib.

"Bir iynə 97 faiz müdafiə zəmanəti verir. Yarım aya COVID-19-a müqavimət üçün anticisim yaranır. Əgər iki iynə vurulsa, zəmanət 100 faizdir", - o əlavə edib.

Onun sözlərinə görə, birinci və ikinci iynə arasında fasilə 28 gün olmalıdır. Ancaq iynələrin ikisini də bir gündə sağ və sol qollara vurdurmaq mümkündür. Bir iynə 4 mikroqramdır. "Sinopharm"-ın rəhbərinin sözlərinə görə, peyvənd baha olmayacaq.

"Vaksinlər satışa çıxarıldıqdan sonra qiymətlər baha olmayacaq. Düşünürəm ki, bir iynə bir neçə yüz yuan olacaq. Məsələn, iki iynə 1000 yuan (144 dollara)" ola bilər", - deyə Lyu Tzinçjen vurğulayıb.

Teqlər