Avq 26, 2023 18:24 Asia/Baku
  • Aİ sionist rejim nazirinin fələstinlilərlə bağlı dediklərini kəskin qınayıb

Avropa İttifaqı sionist rejimin ifrat sağçı nazirinin fələstinlilərin işğal olunmuş İordan çayının qərb sahilində sərbəst hərəkət etməsinə dair açıqlamalarını qətiyyətlə pisləyib.

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir dünən sionist mediaya verdiyi müsahibədə deyib: "Mənim, həyat yoldaşımın və uşaqlarımın İordan çayının qərb sahilində hərəkət etmək hüququ fələstinlilərin hüququndan daha vacibdir. Mənim yaşamaq hüququm fələstinlilərin hərəkət hüququndan daha üstündür".

Avropa İttifaqı bir bəyanat yayaraq, Ben Qvirin İordan çayının qərb sahilində fələstinlilərin hərəkət azadlığı ilə bağlı bəyanatlarını şiddətlə qınayıb və qeyd edib ki, İsrail rejimi ilə Aİ arasında əlaqələr insan haqlarına və demokratik prinsiplərə hörmət əsasında qurulmalıdır. Bütün insanlar bərabərdir və onlara eyni şəkildə davranılmalıdır. 

Avropa İttifaqı sionist rejimin qəsəbə salma siyasətinə və bu kontekstdə həyata keçirilən tədbirlərə, o cümlədən İyordan çayının qərb sahilində hərəkət və giriş məhdudiyyətlərinə qarşı olduğunu bir daha vurğulayıb və deyib: "Beynəlxalq qanunlara əsasən, sionist qəsəbələr qeyri-qanuni və sülhə maneədir və iki dövlətli həll yoluna təhdid hesab olunur".