Okt 08, 2023 14:39 Asia/Baku
  • İsrail kəşfiyyatının ən böyük uğursuzluğu

Həmas hərəkatının işğal olunmuş ərazilərə gözlənilməz hücumu 1973-cü il müharibəsindən sonra İsrailin kəşfiyyatının ən böyük uğursuzluqlarından biri ola bilər. Bu barədə “Blumberq” yazıb.

“Hücuma quruda və dənizdə onlarla əməliyyat, eləcə də raket hücumları daxildir. Buna görə də, bu hücumun hazırlığı özündə dərin planlaşdırma və koordinasiyanı ehtiva edir ki, bu da İsrailin kəşfiyyat xidmətləri tərəfindən nəzərdən qaçırıla bilməzdi”, - “Blumberq” nəşri bildirib.

Karneqi Fondunun baş elmi əməkdaşı Aaron Devid Miller isə deyib ki, sionistlər HƏMAS-ın belə hücum edəcəyinə inanmırdılar:

“Heç kim onların sərhədi keçməyə risk edəcəyinə inanmırdı. Bu regionlarda kifayət qədər İsrail qüvvələrinin olmaması ciddi səhv idi”,- Aaron Devid deyib.

Sionist ekspert David Gendelman isə sionist rejimin HƏMAS-ın hücumuna hazır olmadığını deyib.

 “İsrail kəşfiyyatının qiymətləndirməsi belə idi ki, indi HƏMAS-la gərginlik yaratmaq sərfəli deyil. Son həftələrdə Qəzza sakinlərinə İsraildə daha çox iş icazəsi verilib. Hətta Qəzzaya Qətərin növbəti maliyyə yardımı ayrılmışdı və s... Deməli, ehtimal edilirdi ki, onların hazırki tələbləri təmin edilib və onlar indi döyüşməyəcəklər. Təlimlər isə sadəcə hər zaman olduğu kimi mövsümi xarakter daşıyırdı.

Ona görə də İsrail ordusu arxayn idi, sərhəddə döyüş hazırlığı yox idi. HƏMAS ani hücumla hətta özü üçün də gözlənilməz olan uğurlar qazandı”, - deyə sionist ekspert bildirib.

Sionist "Bild" nəşrinin hərbi eksperti Yulian Röpke də Fələstinli mübarizlərin hücum vasitəsi kimi PUA və deltaplanlardan istifadə etməsini, həmçinin dünyanın ən təhlükəsiz sərhədlərindən biri kimi təqdim olunan işğal olunmuş ərazilərin sərhədlərini uğurla keçdiklərini gözlənilməz adlandırıb:

"İsrail döyüşçüləri HƏMAS-ın belə hava qüvvələrinə malik olduğunu gözləmirdi",- Yulian Röpke deyib.