Mart 21, 2024 18:42 Asia/Baku
  • “İranı etnik əsasda parçalamaq lazımdır!”

Sionist İsrail rejiminin keçmiş təhlükəsizlik zabiti bu rejimin başçılarına İran İslam Respublikasını çökdürməyin yolunu təklif edib.

İşğal altında olan Fələstindəki Bar-İlan Universitetinin professoru və sabiq kəşfiyyatçı Mordexay Kedar Jerusalim Post qəzeti üçün qələmə aldığı məqalədə yazır: “Tehranın nüvə proqramı təhlükəsindən xilas olmağın yolu İranın parçalanması və Sovet İttifaqı kimi onun da dağılmasıdır. Bu səbəbdən Təl-Əviv separatçı qruplara dəstək verməlidir”.

O, İranda 2022-ci ildəki iğtişaşlara toxunaraq qeyd edib ki, bu hadisələr guya “kürd, azəri, bəluç və ərəb etnik azlıqlarının muxtariyyət və mərkəzi hökumətdən qurtulmaq məqsədi ilə üsyan qaldırması üçün ağıla gələn imkanlar” olduğunu ortaya qoydu.

Məqalədə İran azərilərinin hədəfdə olmasına xüsusilə işarə olunur.

“Cənubi Azərbaycan” adı altında azəridilli bölgələrə toxunan fitnəkar kəşfiyyatçı bildirir ki, bu vətəndaşlar İran əhalisinin ən azı dörddə birini təşkil edir və “əgər onlar kürdlər, bəluçlar və ərəblərlə birləşib meydana girsələr, hökumətin işi bitəcək və nüvə proqramı tarixin zibilliyinə gedəcək”.

Kedarın məsləhəti budur ki, “beynəlxalq ictimaiyyət İranın nüvə proqramının tez bir zamanda dayandırılmasının qayğısına qalırsa, bu ölkədə müstəqil etnik dövlətlər yaratmağa can atan bütün etnik azlıqlarına dəstək olmaq üçün nə lazımdırsa etməlidir”.

Sionist müəllif hesab edir ki, “İran parçalanarsa, Hizbullah, HƏMAS və İraq, Suriya və Yəməndə İran tərəfdarı sayılan silahlı qruplardan gələn təhlükə da sürətlə azalacaq, İsrail və bütün Yaxın Şərq üçün sülh və təhlükəsizlik perspektivi yaranacaq”.

O, sonda Qərbə mesaj verir ki, “İranın dağılması ilə beş-altı etnik dövlətin yaranmasından sonra yeni müstəqil etnik dövlətlər Qərblə daha sıx əlaqələrə malik olacaq, Rusiyanın təsiri azalacaq və Çin Qərbə qarşı siyasətini dəyişmək məcburiyyətində qalacaq”.

Qeyd edək ki, İsrail rejimi anti-İran planlarında Azərbaycan Respublikasının aktiv iştirakını arzulasa da, rəsmi Bakı bu məsələdə ehtiyat edir və hansısa yanlış qərarın nə ilə nəticələnəcəyini anlayır.

Maraqlıdır ki, Bakını fakt qarşısında qoymaq üçün sionist rejim bir-neçə separatçı kanalın Azər-Space peyki vasitəsilə yayımlanmasına şərait yaradıb. Bu faktı nəzərə alaraq, Azərbaycan hakimiyyəti özünü sionistlərin fitnəsindən uzaq saxlamaq üçün separatçılara verilmiş tezlikləri dərhal ləğv etməlidir.

 

Teqlər