Məhəmməd Əştiyyə: "Qırmızı Xaç və BMT fələstinli əsirlərin vəziyyətini izləməlidir"
Fələstin Özünü İdarə Təşkilatının baş naziri fələstinli əsirlərin həyatı ilə bağlı Təl-Əvivin məsuliyyət daşıdığını bildirib və Qırmızı Xaç və BMT-ni sionit rejim həbsxanalarındakı fələstinli məhbusların vəziyyətini araşdırmağa çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, sionist rejim həbsxanalarında fələstinli məhbuslara qarşı son repressiv hərəkətlərdən sonra Fələstin Özünü İdarə Təşkilatının baş naziri Məhəmməd Əştiyyə etdiyi çıxışında vurğulayıb: "Qırmızı Xaç və BMT yoxlamalar aparmaqla, fələstinli məhbusların sionist rejim tərəfindən işgəncəyə və zülmə məruz qalmamasından əmin olmalıdırlar".
Əştiyyə qeyd edib ki, Beynəlxalq təşkilatlar sionist rejimi əsirlərlə rəftara dair Üçüncü Cenevrə Konvensiyasını yerinə yetirməyə məcbur etməlidir.
Sionist rejim bir neçə gün davam edən axtarışlardan sonra Gilboa həbsxanasından qaçan fələstinlilərin dördünü yenidən həbs etdi.
Bu hadisədən sonra sionist rejimin təhlükəsizlik qüvvələri, fələstinli məhbuslara qarşı düşmənçilik hərəkətlərini gücləndirməklə yanaşı, saxlanılan dörd fələstinli məhbusdan biri olan Zəkəriyya Əl-Zübeydəyə həbs edilən kimi ağır işgəncələr veriblər.
Knessetin üzvü İtamar Ben Gvir də fələstinli məhbusların həbs əvəzinə edam edilməsini istəyib.
Belə bir şəraitdə fələstinli qruplar, Misir vasitəsilə sionist rejimə sərt bir mesaj göndərərək, məhbuslara qarşı repressiyaların davam edəcəyi təqdirdə rejimlə əldə olunan bütün əvvəlki atəşkəs razılaşmalarını ləğv etməklə hədələyiblər.