Qəzzədə xərçəngi müalicə edən yeganə xəstəxananın yanacağı bitdi
Qəzzənin səhiyyə rəsmiləri çərşənbə günü Qəzzə zolağında yeganə xərçəng müalicəsi xəstəxanasının yanacaq tükənməsi səbəbindən fəaliyyətini dayandırdığını və iki min xəstənin həyatının təhlükə altında olduğunu bildiriblər.
Türkiyə-Fələstin Dostluq Xəstəxanasının direktoru Sübhi Səkik çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib ki, əsasən xərçəng xəstələrini müalicə edən xəstəxananın yanacağı bitdikdən sonra fəaliyyətini dayandırıb.
Xəstəxananın bağlanmasından sonra minlərlə xərçəng xəstəsi risk altındadır.
Fələstinin Səhiyyə Naziri Mey Əl-Keylə bildirib ki, Qəzzə zolağındakı 35 xəstəxanadan 16-sı və Qəzzənin 72 ilkin səhiyyə klinikasından 50-dən çoxu artıq fəaliyyət göstərmir.
Əl-Keylə verdiyi açıqlamada Qəzzə zolağında xərçəng xəstələrinin sayının təxminən iki min nəfər olduğunu bildirib.
Qəzzənin səhiyyə rəsmiləri sionist rejimin bölgəyə hücumları nəticəsində minlərlə şəhidin cənazəsinin hələ də dağıntılar altında olduğunu və onları çıxarmağın mümkün olmadığını bildiriblər.
Bu arada, Qəzzə Səhiyyə Nazirliyinin sözçüsü Əl-Şifa Xəstəxanası və İndoneziya Xəstəxanasının kritik yanacaq çatışmazlığı ilə üzləşdiyi üçün təcili yardım çağırışı edib.
Fələstin Səhiyyə Nazirliyi bu iki xəstəxanada əsas generatorları dayandırmağa cəmi bir neçə saat qaldığını bildirərək, deyib: "Bizim uşaq inkubatorlarında 42 yeni doğulmuş körpəni, böyrək çatışmazlığı olan 650-dən çox xəstəni, eləcə də reanimasiya şöbələrində süni tənəffüs alan 62 şəxsi xilas etmək üçün yanacağa ehtiyacımız var".
Digər tərəfdən, Sərhədsiz Həkimlər Təşkilatının rəhbəri çərşənbə günü səhər bu təşkilatın tibbi qruplarının daha çox yardıma ehtiyacı olduğunu bildirərək, sionist rejimi Qəzzə zolağında xəstəxanalara hücum etməkdən çəkinməyə çağırıb.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, HƏMAS-ın sionist rejimə qarşı Əl-Əqsa Tufanı əməliyyatı başlayandan bəri bu cinayətkar rejimin bombardmanları nəticəsində 3 648-i uşaq, 2 290-ı qadın olmaqla 8 796 nəfər şəhid olub.Yaralıların sayı isə 22 219 nəfərə çatıb.