Qədr gecəsində mələklər və ruh kimə nazil olar? Ruhul-qudus nə məna daşıyır?
Allah Təala insanla bağlı buyurur: «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!».
“Qədr” dedikdə “təqdir” və “ölçü” nəzərdə tutulur. Qədr gecələri insanların təqdir olunduqları gecədir və bu gecələrdə hər bir insanın birillik hadisələri və taleyi təqdir olunar. Həyatı, ölümü, ruzisi, səadəti, bədbəxtliyi... (Tebyan)
Bizdə belə bir suallar meydana gəlir ki, bəs mələklərin və ruhun həqiqəti nədir? Bu ikisi də bir həqiqətdirmi, yoxsa fərqlidirlərmi? Qədr gecəsi kimlərə nazil olar?
Mələklər - Allah məxluqlarıdır ki, həm səmada və həm də yer üzündə yaşayarlar. Allah Təala onların hər birinə vəzifə vermişdir və məmur etmişdir. Bu mübarək varlıqlar heç bir zaman Allaha itaətsizlik etməzlər. Vəzifələrini ən yaxşı şəkildə yerinə yetirərlər. Qurani-Kərim onlarla bağlı buyurur: “Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan)yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir”. (“Fatir” 1). Mələklər Allahla bəndələri arasında olan elçilərdir. Bu məxluqlar maddi deyildirlər.
Bəs ruh nədir? İnsanlar istər qədimdə olsun, istərsə də indi ruh ilə bağlı müxtəlif nəzərlər irəli sürürlər. Quran ruhla bağlı buyurur: “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir»”. (“İsra” 85).
Başqa bir ayədə oxuyuruq: “Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq”. (Nəbə” 38). Bu ayədən belə başa düşmək olur ki, ruh da bir varlıqdır ki, sıraya düzülə bilir. Ruh elə bir həqiqətdir ki, mələklərdən üstündür və hətta mələklər ona görə var olurlar.
Allah Təala insanla bağlı buyurur: «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». (“Hicr” 29). Yəni, ruh – həyat mənbəyidir. Hər bir canlının ruhu vardır, yəni həyatı vardır. “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla(məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir”. (“Mücadilə” 22).
Qurandan belə nəticə çıxartmaq olar ki, İlahi övliyaların və peyğəmbərlərin (ə) başqa insanlardan fərqli ruhları olmuşdur. Yəni, onlar daha çox həyata malik olmuşdular. Ona Ruhul-qudus deyirlər. Yəni, mömin insan elə bir ruha və elə bir həyata malikdir ki, mömin olmayan insan ona malik deyildir. Quran mömin olmayan insanları ölü adlandırır, yəni onların Ruhul-qudusu yoxdur, imanları yoxdur.
Həzrət İsa (ə) ona görə möcüzəvi işlər görərdi, yəni ölüləri dirildərdi, çünki Ruhul-qudusa malik idi. Ona görə də deyə bilərik ki, ruh - əzəmətli bir varlıqdır. Mələklərdən də üstündür. Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, ruh – Cəbrayildirmi? İmam (ə) buyurur: “Cəbrayil (ə) - mələkdir. Ruh – mələklərdən əzəmətlidir. Məgər Allah buyurmurmu: “O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr” 4)”.
Bəs mələk və ruh kimə nazil olar?
Adətən mələklər və əzəmətli ruh o kəsə nazil ola bilər ki, əzəməti baxımından onlardan üstün olsun. Yer üzündə həmişə Allahın hüccəti olub və olacaqdır da. Qədr gecəsi səma ilə yerin rabitə qurduğu gecədir. Mələklərlə Yer əhlinin rabitə gecəsidir. Bu gecə mələklərin və ruhun Allahın izni ilə hüccətə nazil olduğu gecədir.