Mart 18, 2017 19:22 Asia/Baku
  • Əbədi Həyat
    Əbədi Həyat

«Məad islam dünyagörüşünün bir hissəsini təşkil edir».

MƏAD

İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə [İslam dininə] olan etiaqdın əsasını təşkil edən «əbədi həyata və ya axirət dünyasına» olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsas şərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Kəlam alimləri bu prinsipi dini ədəbiyyata «məad» termini kimi daxil etmişlər.

Qurani-kərimdə axirət dünyası, məhşərdə aparılan sorğu-sual, cənnət və cəhənnəm, ölülərin məhşərə necə daxil olmaları, insanların əməl dəftərləri, axirət dünyasının əbədiliyi və bu kimi digər məsələlər haqda yüzlərlə ayə ilə qarşılaşırıq. Amma on bir ayədə məhz Allaha iman gətirdikdən sonra axirət dünyasına iman gətirməyin zəruriliyinə işarə edilmişdir. Onlardan biri də «Yəvmul axir» yəni, sonuncu gündür. Qurani-kərim bu ifadə ilə bizə iki mühüm məsələni bəyan edir:

1. İnsan həyatı, başqa sözlə desək, dünyanın qət etdiyi mərhələ iki qismə bölünür və onların hər birini «gün» kimi tanımalıyıq. Onlardan biri ilk olaraq başlayır və digəri başlamazdan əvvəl sona çatır (yaşadığımız aləm). Sonrakı gün isə ikinci mərhələ olaraq başlayır, amma birincidən fərqli olaraq sona çatmayır (axirət dünyası). Qurani-kərimin bəzi ayələrində bu dünya «Ula» – yəni əvvəl, axirət dünyası isə «Axirət» – yəni son kimi ifadə olunmuşdur.

2. Digəri isə bundan ibarətdir ki, biz ilk mərhələdə bu dünyanı qət edirik və hələ ki, ikinci mərhələyə (axirət dünyasına) çatmamışıq, o bizdən gizli və pünhandır. İstər bu dünyada, isətərsə də axirət dünyasında səadətimiz «axirət dünyasına» iman gətirməkdən asılıdır. Bu dünyanın səadəti ona görə axirətə olan imandan asılıdır ki, biz bu dünyada gördüyümüz bütün işlərin əksül-əməlinə diqqət yetirməli oluruq. Belə ki, insan bu dünyada gördüyü bütün işlərin hesabını axirət günü məhşərdə verməli olacaq. Demək heç bir şey məhv olub aradan getmir. İnsanın aqibəti kimi bütün işlərin də axirətdə müəyyən hesabatı olacaqdır.

Belə isə səadətə nail olmaq üçün ilk növbədə özümüzü islah etməyə və bütün xoşa gəlməz əməl və düşüncələrdən uzaq olmağa çalışmalıyıq. Daim yaxşılığa doğru getməli və xeyirxah addımlar atmalıyıq. Axirət dünyasının səadətinin axirətə olan imanla bağlılığına gəldikdə isə, bunu bilmək kifayətdir ki, insan axirətdə, bu dünyada gördüyü işlərin müqabilində cəzalandırılıb və ya mükafatlandırılacaqdır. Bütün bunları nəzərə alaraq Quran axirət dünyasına iman gətirməyi lazım və zəruri hesab etmişdir.

AXİRƏT DÜNYASINA İMANIN MƏNBƏ VƏ MƏNŞƏYİ

Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır.

Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz, həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni «məad» olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni, axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları səhv tərz təfəkkürə və cəhalətə qatılmamalıdır.

Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir.

Və bu yollar:

1. Allahı tanımaqdan;

2. Dünyanı tanımaqdan;

3. İnsan ruh və nəfsini tanımaqdan ibarətdir.

Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açamaq istəmirik və yalnız vəhy və nübuvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra «Quranın axirət dünyası haqda dəlilləri» adlı bir mövzu haqda söhbət açacağıq.

Haqqında söhbət açılması zəruri olan məsələ isə, islamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:

1. ölümün mahiyyəti;

2. ölümdən sonrakı həyat;

3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;

4. Böyük qiyamət;

5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi;

6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri;

7. Bu dünyanın, axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri;

8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar;

İKİNCİ FƏSİL

ÖLÜMÜN MAHİYYƏTİ

ölüm nədir? ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?

Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir.

Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.

Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa» və «istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər. Məsələn, «təvəffəytul malə» yəni «malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.»

Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.

1. ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.

2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır.

3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur.

Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.

Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:

(Mən ona öz ruhumda üfürdüm). (Hicr-29).

İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.

Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət verməyir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etməyir.

Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir.

Onlar «İsra» surəsinin 85-ci ayəsinə istinad edərək

«[Ya Məhəmməd!] Səndən ruh [ruhun keyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: «Ruh Rəbbimin əmrindəndir».

Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.

Onlar bunu bilməlidirlər ki, nəzərdə tutduqları mətləb Quranın iyirmiyə yaxın digər ayələridir. Əlavə olaraq qeyd etmək lazımdır ki, ruh həmən ayənin bəzilərində yalnız (ruh) bəzilərində isə «ruhəna» – ruhumuz, «ruhul-qudus» – müqəddəs ruh, «ruhi» - ruhum, «ruhən minəmrina» – ruh bizim və sair) formalarda gəlmişdir. O cümlədən insan haqda deyilir:

(Mən ona öz ruhumdan üfürdüm).

Bütün bunlar bir daha bu həqiqəti sübuta yetirir ki, Quran «ruh» adlı müqəddəs bir varlığı insan və mələklərdən daha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar. «Hicr» surəsinin 21-ci və ruhu bəyan edən ayələrdən belə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır. İndi isə dünyasını dəyişdikdən sonra insanın başqa bir aləmə köçəcəyini bəyan edən on dörd ayədən üçünə işarə etmək istəyirik.

(Mələklər öz nəfslərinə zülm edənlərin [Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin] canlarını alarkən [onlara] deyəcəklər. «Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzərində zəif [aciz] kəslər idik!». [Mələklər də onlara]: «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?»-deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!) (Nisa-97).

Bu ayə fitnə-fəsad baş alıb getdiyi bir şəraitdə yaşayan kəslər barəsində nazil olmuşdur. Onlar özlərinə bəraət qazandırmaq üçün üzürxahlıq gətirərək deyirdilər: «Biz fitnə-fəsadın baş alıb getdiyi bir yerdə yaşayırdıq və əlimizdən heç bir şey gəlməzdi». Bir halda ki, yaşadıqları mühiti islah etməli, dəyişməli, bu iş mümkün olmadıqda isə oranı tərk etməli, mənəviyyatlarını qoruyub saxlamalı idilər. Dünyaları dəyişdirdikləri zaman mələklər ruhlarını təhvil alar və sonra onlardan sorğu-sual apararlar. Onlardan bu cavabı eşitdikdə onu əhəmiyyətsiz hesab edərlər çünki, islah apara bilməsəydilər də, heç olmasa oradan mühacirət edə bilərdilər. Mələklər onlara deyərlər: Düçar olduğunuz fəlakətlərin və günahların səbəbkarı siz özünüzsünüz və artıq üzürxahlıq yeri deyildir.

Ayədən məlum olur ki, çarəsizlik üzündən zülm və fəsada boyun əyməyi, azad yaradılmış insan üçün üzr hesab etmək olmaz. Heç olmasa yaşadığı yeri tərk edib ictimai ədalətə riayət olunan digər məntəqələrə hicrət etməlidirlər.

Göründüyü kimi, burada ölüm və fəna (təvəffa – təhvil almaq) mənasında işlədilmişdir. Bununla yanaşı ayədə mələklərin, insan dünyasını dəyişdikdən sonra onunla apardıqları sorğu-suala və dəlil gətirməsinin tələb olunmasına işarə edilmişdir. Təbii ki, əgər dünyasını dəyişdikdən sonra quru bir cəsədə çevrilib, müəyyən müddət keçdikdən sonra məhv olub aradan gedəcəkdirsə, onunla sorğu-sual aparmaq heç bir məna kəsb etməzdi. Demək insan dünyasını dəyişdikdən sonra axirət dünyasında başqa bir göz, qulaq, dil və sair bədən üzvləri ilə adi gözlə görünməyən mələklərlə təmasda olacaqdır.

«[Axirətə inanmayanlar] dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?». Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir.

[Ya Məhəmməd!] De ki: «Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.»

(Səcdə 10-11).

Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunmuşdur.

Onlar deyərlər: öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik?

Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. «Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız.

O ki, qalıb çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etməyir».

Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getməyirmi?

Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmayır. Və belə olduğu bir halda bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmayır.

«Allah [əcəli çatan şəxslərin] canlarını onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. ölümünə hökm olunmuş şəxslərin canlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən bir müddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən] əlamətlər vardır.» (Zumər-42).

Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonucu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarə olunmuşdur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda ruh bədəndən ayrılıb başqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığı zaman kiçik səfərdən qayıtdığını dərk etməyir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur.

İşarə etdiyimiz bu üç ayədən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etməyir. ölüm burada insanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı yuxu haqda da dəyərli məlumat verilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdən batinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdən biridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir.

ÜÇÜNCÜ FƏSİL

ÖLÜMDƏN SONRAKI HƏYAT

İnsan, dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş mütəvatir hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcəkdir. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə və nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələ qiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur.

Demək Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə desək, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan «bərzəx» aləmi, digəri isə sonu olmayan «axirət» dünyasıdır.

BƏRZƏX ALƏMİ

İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir:

«Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.»

Bu dünya ilə qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Bu ayələrə istinad edərək islam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardır və onun adı «bərzəx aləmidir».

Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyada gördükləri nalayiq işlərə görə peşimançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbul olunmayıb rədd cavabı alarlar. Qurani-kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beş ayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür.

1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqları söhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz «Nisa» surəsinin 97-ci və «Muminun» surəsinin 100-cü ayəsi həmən ayələrə dəlalət edir.

2. Mələklərin əməli-saleh insanlara verdikləri müúdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlar bərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamət intizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur.

«O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: «Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərə görə Cənnətə daxil olun! - deyərlər.»

(Nəhl-32).

«[Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər]. Ona [şəhid olduğu üçün Allah dərgahından] «Cənnətə daxil ol!» - deyildi. [Həbib Nəccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra] dedi: «Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi.»

(Yasin 26-27).

Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin Antakiya şəhərində yaşayan yerlilərinin haqq yola gəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət verməyir və amansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxt həyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamət günündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq və yer üzündə kimsə qalmayacaqdır.

Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir. Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri ilə fərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundan əlavə Əhli-beyt (ə)-dan nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminə deyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirət dünyasının cənnətləri ilə əlaqələndirmək olmaz.

3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmayır. Burada bir-başa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur.

«Allah yolunda öldürülənlərin [şəhid olanları heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər.»

«Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinə hələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.»

(Ali-imran 169-170).

«Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkar bir dəlillə göndərdik.

Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər].»

(Muminun 45-46).

Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri «suul-əzab» – yəni ağır və dözülməz əzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonra oraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı «əşəddül əzab» – yəni şiddətli əzab adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəm oduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənin təfsirində buyurur: «Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə, ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ay və il dövranı baş verməyir».

Peyğəmbər (s) və digər İmamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarə olunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüş meydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: «Biz Allahın bizə vədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?» Əshabdan bəziləri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsulullah! ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi? Buyurdu: «İndi onlar sizdən yaxşı eşidirlər».

Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədən arasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etməyir.

İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçik bir xütbə oxudu. Xütbədə deyilir: «Azacıq səbr edib müqavimət göstərin. ölüm sizi əzab-əziyyətdən xoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir».

Başqa bir hədisdə deyilir: «İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkən oyanarlar».

Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və daha kamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkən onun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesab olunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirmək lazımdır.

1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsi lazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır.

2. Xeyirxah və əməli-saleh insanlar gördükləri işlərin müqabilində ilahi nemətlərlə mükafatlanarlar. Bu işlər istər dünya sakinləri (yəni sağ olan qohumlar, dost və qonşular) [məsələn, imkansızlara əl tutmaq, elmi müəssələr təsis etmək və s.], istərsə də dünyadan köçmüş şəxslər üçün [məsələn, onların niyyəti ilə namaz qılmaq, həcc ziyarətinə getmək və s.] olsun, ilahi savab və nemətlərlə mükafatlandırılarlar.

Həyatın ikinci əbədi mərhələsi «böyük qiyamət» və ya «əbədi axirət» dünyasıdır. Bura, bərzəx aləminin əksinə olaraq, bəzi şəxslərə deyil, aləmdə yaşayan bütün insanlara aiddir. Bu (qiyamət günü) elə bir hadisədir ki, bütün insanları və hər bir canlı, cansız əşyaları özünə tərəf çəkir. Bütün aləm yeni bir mərhələyə və yeni həyata qədəm qoyur.

Qurani-kərim bu böyük hadisənin baş verəcəyini öz ayələrində dəfələrlə bəyan etmişdir. Belə ki, bu hadisə baş verməzdən əvvəl, günəş və ulduzlar sönəcək, dənizlər quruyacaq, enişli-yoxuşlu yerlər düzələcək, dağlar ovulub töküləcək və hər yeri bürüyəcək gurultulu səslər və dağıdıcı zəlzələlər baş verəcəkdir.

Bir sözlə, hər şey məhv olub aradan getdikdən sonra, həyatın yeni mərhələsi başlanacaq və orada bu dünyadan fərqli olaraq əbədi qanun hökm sürəcəkdir. Qiyamət Quranda müxtəlif adlarla çəkilmişdir və onların hər biri axirət aləminə hakim olan qanunu özünəməxsus bir tərzdə bəyan edir. Məsələn, məhşərə insanların ilk və sonuncusunun toplandığı və orada zamanın öz mahiyyətini itirdiyi üçün «Həşr günü», «Toplantı günü» və «təlaqi günü», batinlər aşkara çıxıb hər şey məlum olduğu üçün «yəvmun-nuşur», insanlar bu günü dərk etməyib özlərini danlayacaqları üçün «Həsrət günü» ya «yəvmut-təğabun» və bu günün böyük hadisə olduğu üçün «böyük xəbər» adlandırmışdır.

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ RABİTƏSİ

Səmavi kitabların dəfələrlə haqqında söhbət açdıqları məsələlərdən biri də, bu iki aləm arsında olan rabitəyə dəlalət edir. Bu iki həyat bir-birindən ayrı deyildir. Axirət dünyasının toxumu insanın öz əli ilə səpilir və insanın aqibəti artıq bu dünyada bəlli olur.

İnsan xoşbəxt həyata nail olması üçün ilk növbədə iman və etiqadını saflaşdırmalı, kin və həsəddən uzaq olmalı, kimsəyə hiylə etməməli, özünün və cəmiyyətin təkamülü üçün ictimai fəaliyyətə qoşulmalıdır. Yox əgər imansızlığa, zülm, riyakarlıq, xudpəsəndlik, qeybət, xəyanət və sair qeyri-insani xislətlərə düçar olarsa, axirət dünyasında əbədi zillət və bədbəxtçiliklərlə qarşılaşacaqdır.

Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən birində buyurulur:

«Dünya axirətin əkin yeridir».

Dünyada səpilən hər bir yaxşı və ya pis toxum axirət günü öz məhsulunu verəcəkdir. İnsanın tikan əkərək gül əldə etməsi qeyri-mümkün olduğu kimi, bu dünyada nalayiq işlər görüb axirətdə onun xeyirini görməsi də mahal və qeyri-mümkündür.

İNSANIN GÖRDÜYÜ İŞLƏRİN TƏCƏSSÜM VƏ ƏBƏDİLİYİ

Bir çox Quran ayələrində və Peyğəmbər (s)-dan, habelə İmamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, tək insanın özü deyil, bəlkə onun gördüyü bütün işlər də əbədi olaraq qalacaq və qiyamət günü onun gözləri önündə təcəlli edəcəkdir. Onun gördüyü xeyirxah işlər gözəl və ürəyəyatımlı tərzdə, pis və nalayiq işləri isə çirkin və qorxunc surətdə onun qarşısında təcəssüm edəcək və bütün bunlar onun əzab və işgəncəsinə səbəb olacaqdır.

Qurani-kərimdə deyilir:

«O gün [qiyamət günü] hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki O, öz bəndələrinə mərhəmətlidir.»

(Ali-İmran-30).

Ayədən məlum olur ki, insan gördüyü xeyirxah işlərin təcəssümünü müşahidə etdikdə fərəhlənəcək, nalayiq və xoşa gəlməz işlərinə görə isə xəcalət çəkərək ondan uzaq olmağa çalışacaq. Amma bura artıq qaçmaq yeri deyildir. ×ünki hər bir şəxsin gördüyü işlər onun ayrılmaz hissəsini təşkil edəcəkdir.

«O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün [qəbrlərindən məhşərə] dəstə-dəstə çıxacaqlar! Cənnətdəkilər sağ tərəfdə, cəhənnəmdəkilər isə sol tərəfdə olacaqlar.

Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatını alacaqdır].

Kim zərrə qədər pis iş görmüşdrüsə, onun zərərini görəcəkdir [cəzasını alacaqdır].»

(Zilzal 6-8).

«Onlar [dünyada] etdikləri bütün əməllərin [öz qarşılarında] hazır olduğunu görəcəklər».

(Kəhf-49).

İnsan və onun gördüyü işlər əbədi olaraq qalacaqdır. O, axirət dünyasında xeyirxah əməllərinin səmərəsindən ya bəhrələnəcək, ya da rüsvayedici şiddətli əzaba düçar olacaqdır.

Bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir: Uzaq məntəqələrdə yaşayan müsəlmanlardan bir neçəsi Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) söhbət əsnasında onlara bir neçə nəsihət verir. Onlardan biri bu idi: «Günü bu gündən axirət dünyası üçün özünüzə yaxşı dost və dostlar tapın. Bilin ki, [məhşərdə] əməlləriniz kimi ünsiyyətdə olduğunuz şəxslər də qarşınızda təcəssüm edəcəkdir».

Mömin insan, əbədi həyatının xoşbəxtliyi üçün başqaları ilə ünsiyyətdə gözəl əxlaq nümayiş etdirər. O, bilir danışdığı hər bir söz və gördüyü hər bir iş axirət dünyasının əbədi həyatının səmərəsinə çevriləcəkdir.

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Və nəhayət hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur.

Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm olsa da, axirət dünyasında bütün bunlar heç bir məna kəsb etməyir.

Bu dünyada insan zəhmətə qatlaşmalı, əkin yerlərini abadlaşdırıb oraya toxum əkməli, xeyirxah işlər görməli, axirət dünyasında isə əkdiyi toxumun [gördüyü xeyirxah işlərin] səmərəsindən bəhrələnməlidir. Bu dünya iş və əməl yeri, axirət dünyası isə nəticə və hesab yeridir. İnsan bu dünyada öz müqəddəratını həll edə bilsə də, axirət dünyasında buna nail ola bilməyir. İnsanın dünyəvi həyatı ölümlə nəticələnir və bu dünyada bir gün cansız olan bir varlıq sabah canlanır və ya əksinə olaraq bir gün canlı olan varlıq sabah cansız bir varlığa çevrilir. Axirət dünyasında isə, mütləq həyat və qanun hakimdir. Orada heç bir dəyişiklik və əvəzolunma hadisələri baş verməyir. Axirət dünyasının cismi varlıqları (yer, göy, bağ və meyvələr və s.) insanın təcəssüm edən əməlləri kimi canlı və hər şeydən agahdır. Bu dünyanın özünəməxsus zaman mərhələsi vardır və varlıqlar zaman çərçivəsində müxtəlif şəraitlərdə təkamülə doğru hərəkət edir. Axirət dünyasında isə hər şey Allahın istək və iradəsindən asılıdır. Bu dünyadan fərqli olaraq insanın axirət dünyasındakı dərk və şüuru daha fəal olur. Başqa sözlə desək, pərdə və maneələr insanın gözləri önündən götürülür və o həqiqətlər olduğu kimi görünməyə başlayır. «Qaf» surəsinin 27-ci ayəsində bu haqda buyurulur:

«Artıq bu gün gözünüzdən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.»

İnsanın dünyəvi həyatı yorucu və təkrarolunası fəaliyyətlərdən savayı bir şey deyildir. O, daim nə isə ələ gətirməyə və nəyəsə nail olmağa cəhd edər. Amma bir qədər sonra onun üçün adiləşər və yeni-yeni şeylər ələ gətirməyə çalışar. İnsan daim nə isə itirdiyini zənn edər və bütün ömrünü, itirdiyi şeyi tapmağa sərf edər. Axirət dünyasında əbədi həyata qovuşduqdan sonra axtardığının nə olduğunu dərk edər. Burada artıq yorğunluğun, ürək sarsıntısının nə olduğunu bilməz. O, hər şeyi unudar və həyatdan ləzzət alar. Qurani-kərimdə bu haqda deyilir:

«Onlar o cənnətlərdə əbədi qalıb oradan ayrılmaq [başqa yerə getmək] istəməyəcəklər.»

(Kəhf-108).

Bu səbəbdən də cənnət əhli, əbədi olmasına baxmayaraq, özlərində yorğunluq hiss etməzlər. Və istədikləri hər bir şey dərhal onların ixtiyarında qoyulduğu üçün artıq heç nəyin fikrini etməzlər.

DÖRDÜNCÜ FƏSİL

QURANIN GƏTİRDİYİ DƏLİLLƏR

Qiyamət gününə olan iman və etiqadımız Quran ayələrindən və Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən qaynaqlandığı üçün bu haqda elmi dəlil və istidlallar gətirməyə heç bir ehtiyac duyulmur. Amma Quranın bizim bu mətləbə daha çox əhəmiyyət və diqqət yetirməyimiz üçün gətirdiyi dəlilləri nəzərə alaraq, onlardan bir neçəsinə qısa şəkildə işarə edirik.

Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdə mətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədə isə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir. Demək Qurani-kərimin qiyamət haqda gətirdiyi dəlillər üç qismə bölünür:

1. «Yasin» surəsinin 78-79-cu ayəsində deyilir:

«öz yaradılışını unudub: ×ürümüş sümükləri kim dirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi.

[Ya Peyğəmbər!] De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir, O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.»

Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısında ovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerə yığa bilər?

Bu ayə nazil olur və bu işin aləmlərin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur.

İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün ya qeyri-mümkün olduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyri-mümkün hesab edir. Qurani-kərimdə bu haqda deyilir: «İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki, qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən bir varlıqla müqayisə etdikdə necə?

Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir iş olduğuna əmin olmalıyıq.

Allah-taalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki, bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir o qədər də çətin iş deyildir.

2. İkinci qismə bölünən ayələrdə dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulmuşdur və bu ayələr iki hissəyə bölünür:

a). Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahim (ə)-mın əhvalatında deyilir: İbrahim (ə) dedi: «Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyini istəyirəm. Allah-taala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm, amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-taala buyurdu: «Dörd quş tutub başlarını bədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonra onları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidi olacaqsan.

b). İbrahim (ə)-ın qeyri-adi əhvalatına deyil, təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinə işarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdə yenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb, solğun rəng alır. Axirət günündə bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edən digər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlar həmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yeni həyata başlayacaqlar.

Əlli, altmış, yüz və ya daha çox yaşayan insan hər il təbiətin ölüb və yenidən dirilməsinin şahidi olur. O, bütün bu mərhələni üç yüz altmış beş gün ərzində müşahidə edir və hər il bunun şahidi olduğu üçün bu təbii proseslər onda heç bir təəccüb doğurmayır. Bir anlıq təsəvvür edək ki, ömrümüz əlli-altmış.... deyil bəzi həşaratlar kimi yalnız bir neçə aya davam edəcəkdir. Belə olduqda biz təbiət və ətraf mühit haqda heç bir məlumat əldə etməmiş olarıq. Biz də onlar kimi baharda dünyaya gəlib, təbiətdə baş verən prosesləri görmədən yaz fəslində dünyamızı dəyişməli olardıq. Bir il ərzində yalnız bir neçə ay ömr edən böcək təbii ki, torpağın ölüb yenidən dirilməsini və həyatın yeni mərhələyə başlamasını dərk etməyir. Məgər yaşadığı bağı dünya hesab edən bir böcək onun hər hansı bir məntəqəyə və oranın hər hansı bir şəhər və şəhərin hər hansı bir ölkəyə və nəhayət bütün bunların vahid bir qanuna (günəş sisteminə) tabe olduğunu təsəvvür edə bilirmi?

Bilmirik! Bəlkə də yaşadığımız bu aləm və günəş sistemini təşkil edən digər planetlər başqa bir qalaktikanın kiçik bir hissəsini təşkil edir və onun da üzərinə vahid bir qanun hakimdir. Və bütün bunlar bir gün öz fəaliyyətini dayandırıb bir müddət keçdikdən sonra yeni bir mərhələyə başlayacaqdır.

Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyata başlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaric proses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hər gün müşahidə edirik. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

(Bahar gəldiyi zaman qiyaməti çox yad edin).

«Fatir» surəsinin 9-cu ayəsində deyilir:

«Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. ölüləri diriltmək də belədir.»

«Həcc» surəsinin 5-7-ci ayələrində deyilir:

«Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər.

Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir.

[Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki] qiyamət günü mütləq gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcək!»

Bu məzmunda istənilən qədər Quran ayələrini misal çəkmək olar, amma hələlik biz ikisi ilə kifayətlənirik.

3. Üçüncü hissəyə bölünən ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur:

Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdən bəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir.

2. İlahi hikmət – Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biri Allah tərəfindən nəticə və kamala doğru sövq edilir.

Qurani-kərimdə deyilir: «Qiyamətin əbədi həyat və xoşbəxtliyin, axirət dünyası ilə mükafat və cəzalandırılmasının olması ədalət prinsipləri ilə tamamilə ziddiyət təşkil edir. Qiyamətin olması zülm deməkdir. Zülm isə Allaha xas olmayan xüsusiyyətlərdəndir. Axirət dünyası olmazsa, demək varlıqlar əbəs və hədər yerə yaradılmışlar. Amma bir qədər əvvəl işarə etdik ki, dünyada baş verən bütün işlər və yaradılmış bütün məxluqat ilahi hikmət prinsipləri əsasında həyata keçmişdir.

Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir. Aşağıda qeyd edəcəyimiz ayələrdə isə bu mətləbin hər ikisinə bir yerdə toxunulmuşdur.

1. «Sad» surəsinin 27-28-ci ayələrində qiyamət gününü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçar olmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir:

«Biz göyü, yeri və onların arasında olanları [bütün məxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»

2. «Casiyə» surəsinin 21-22-ci ayələrində deyilir:

«Yoxsa dünyada pis əməllər edənlər [axirətdə] onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayan kafirlər: «Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!» – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlinin əvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]»

Göründüyü kimi birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayənin sonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.

İZAHLAR

Əbədi və xoşbəxt həyatın əsasını təşkil edən bu iki prinsip (Allahın ədaləti və ilahi hikmət) haqda bir qədər məlumat verməyi məqsədəuyğun bilib, onları qısa şəkildə izah edirik.

Allahın ədaləti;

Ədalətin ümumi məfhumu hər hansı bir şeyi öz həqiqi sahibinə çatdırmaqdan ibarətdir. Bir şəxsin öz haqqından məhrum və başqa birinin buna sahib olması zülm və ədalətsizliyin bərqərar olması deməkdir.

Şagirdlərdən imtahan götürən müəllim əgər onlardan bəzilərinin qiymətini kəsib, bəzilərinkini isə artırarsa, ədalətsizlik etmiş olur.

Ədalətin bərqərar olunması üçün bəzən bərabərliyə diqqət yetirmək lazımdır. Bərabərlik deyildikdə, hamıya eyni gözlə baxmaq nəzərdə tutulur. Yəni hər bir şəxsin haqqı lazım olan həddə ödənilməlidir. ×oxa layiq olan çox, aza layiq olana isə az verilməlidir. Belə olduqda heç bir ayrı-seçkiliyə yol verilməyir. Amma bəzən bərabərlik deyildikdə, hamının eyni qaydada təmin olunması nəzərdə tutulur. Bu isə ədalət prinsiplərinin tam ziddinədir. Belə ki, hər bir şəxs öz zəhmət və istedadına müvafiq olaraq təmin olunmalıdır. Birinin çox, digərinin isə həddindən artıq az zəhmət çəkməsinə ictimaiyyətdə xüsusi diqqət yetirilməlidir və bərabərlik şüarı altında onların hamısını eyni qaydada təmin etmək ədalətdən uzaq olar. Demək Allahın ədaləti deyildikdə ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, hər bir varlıq ilahi nemətlərlə bacarıq və istedadı çərçivəsində təmin olunur. Nəyin və ya kiminsə, nədənsə məhrum olması heç də ədalətsizlik deyildir. Sadəcə olaraq həmən varlıq məhrum olduğu şeyi ixtiyarında saxlaya bilməsindən və ona malik olmağa qüdrəti çatmamasından irəli gəlir.

İnsan digər canlılardan fərqli olaraq, özünəməxsus istedad və bacarığa malikdir. Heyvanlar bütün işlərini təbii qanunlar əsasında yerinə yetirirlərsə, insan öz həyat və fəaliyyətini şüur və düşüncə ilə həyata keçirir. O, əxlaq, elm, zövq və digər ilahi xüsusiyyətlərə malik olduğu üçün digər varlıqlardan daha üstün hesab olunur. O, bəzən hər şeyi öz hədəflərinə nail olmaq üçün qurban verir. Quran insanın səadət və xoşbəxtliyini iman və xeyirli işlərdə görür. O, əbədi həyat arzulayan və Allahın razılığını qazanmaq istəyən bir varlıqdır. ×ünki insan əbədi həyat arzulamaqla yanaşı ona doğru sövq olunur.

Demək insan əbədiyyata layiq və qadir olan bir varlıqdır. Onun ruhunu maddiyyat təşkil etməyir. O, daim kamala doğru hərəkət edir. İnsanın dünyəvi həyatı axirət dünyası ilə müqayisə edildikdə, onun dünyəvi həyatı ana bətnindəki doqquz aylıq mərhələyə bənzəyir. Belə ki, ana bətnində görmə, əsəb, eşitmə, cinsi orqan, qan dövranı, tənəffüs və sair orqanlar ixtiyarında olsa belə, onlardan istifadə edə bilməyir. O, bütün bunlardan yalnız dünyaya gəldikdən sonra bəhrələnə bilir. Bu dünyada da o, görmə, eşitmə və sair qabiliyyətlərə malik olmağına baxmayaraq, bu dünyada axirətdə müşahidə edəcəyi həqiqətləri dərk etməyə qadir olmayır. İnsan özünün iman və xeyirxah işləri ilə həyatdan zövq alır. İman və xeyirxah işlər yalnız insanın əbədi həyatında və əbədi həyatı üçün özünün həqiqi məna və məfhumunu kəsb edir.

İnsan əbədi həyata yalnız iman və xeyirxah işləri ilə deyil, küfr və dinsizliklə də nail olur. Amma bu əbədi həyat din, iman və xeyirxah işlərlə əldə olunan həyatdan çox fərqlidir. Quran bu əbədi həyatı əzab-əziyyət, işgəncə və bədbəxtçiliklərlə dolu olan «cəhənnəm» adlandırır.

Heç də belə təsəvvür etmək lazım deyil ki, insan iman və xeyirxah işləri tərk etməklə heyvanlıq (şüursuzluq) dərəcəsinə enəcəkdir. Xeyr. Belə olduqda Quran insanın ondan da aşağı mərhələyə endiyini bəyan edir.

Yəni insan heyvandan daha aşağı mərhələyə enir və Allahla olan rabitəsini birdəfəlik qət edir.

Əgər əbədi bir həyatın varlığını qəbul etməsək, onda ilahi qanunlar çərçivəsində yaşayıb saleh işlər görən insanlarla, qanuna tabe olmayıb üzdəniraq və nalayiq işlər görən insanları ədalətə riayət etməyən müəllim və şagirdlərin misalına çevrilir. Belə ki, müəllim il boyu zəhmət çəkib dərs oxuyan və imtahanda müvəffəqiyyət qazanan şagirdlərlə yanaşı, əsla dərsə diqqət yetirməyən, sinifdə ədəb qaydalarına riayət etməyib imtahanda da müvəffəqiyyət əldə etməyən şagirdlərə yüksək və eyni qiymət verir və yaxud onların hər ikisini yüksək qiymətdən məhrum edir. Bu zülm və ədalətsizlikdir.

Bu mətləbi sadə dillə də ifadə etmək olar. Belə ki, Allah-taala insanları iman və saleh əməllərə dəvət etmişdir. İnsanlar da bu dəvətin qarşısında iki mövqe tuturlar: Bəziləri bu dəvəti qəbul edib onun fikri, əxlaqi və əməli qanunlarına riayət edirlər, digərləri isə qanundan boyun qaçıraraq fəsad, pozğunluq, zülm və ədalətsizliklə məşğul olurlar. Məlum məsələdir ki, bu dünyada hamı öz əməlinin mükafat və ya cəzasını lazımınca almır və ədalətli bir məhkəmənin qurulması labüd bir məsələyə çevrilir. Belə ki, insanların bəziləri ömürlərini xeyirxah işlər, bəziləri isə fitnə-fəsad törətməklə başa vurur və dünyalarını mükafatlandırılmadan və ya cəzalandırılmadan dəyişirlər. Demək insanların ədalət prinsipləri üzərində mükafatlandırılıb və ya cəzalandırılması üçün axirətin olması lazım və zəruridir.

İLAHİ HİKMƏT

İnsanların gördüyü işlər iki qismə bölünür:

1. Heç bir nəticə verməyən, səadət və kamala çatdırmaqda təsiri olmayan əyləncə və işlər;

2. Müqəddəratımızı həll edən və bizi səadət və kamala çatdıran faydalı işlər.

Birinci qismə aid olan işləri puç və batil, ikinci qismə aid olan işləri isə əqli və həkimanə adlandırır.

Demək bizi kamala çatdıran işlər, gördüyümüz faydalı və xeyirxah əməllərdir. Allahın hikmətli işləri necə? O da özünün gördüyü bəzi hikmətli işləri ilə kamala çatır və ya əksinə olaraq ondan məhrum olur!

O, heç bir şeyə ehtiyacı olmayan mütləq bir varlıqdır. Onun gördüyü bütün işlər xeyir və hikmətdir. «Hikmətli işlər» Allah və insan barəsində müxtəlif məna kəsb edir. Bu məfhumu insana aid etdikdə, onun mal və səadətə çatması üçün atdığı uğurlu addımlar və gördüyü xeyirxah işlər nəzərdə tutulur. İlahi hikmət deyildikdə isə, insanların səadət və kamala sövq edilmələri nəzərdə tutulur.

İnsanı kamala çatdıran hikmətli işlərə gəldikdə, mühüm bir məsələyə diqqət yetirmək lazımdır. O da bundan ibarətdir ki, insanın gördüyü işlər və hasil etdiyi nəticə arasında həqiqi rabitənin mövcud olmasına heç bir zərurət duyulmur. Yəni kamal insanın gördüyü işin nəticəsi deyil, ondan bəhrələnməsidir. Məsələn, dəmirdən maşın düzəldir, daşdan ev tikir, parçadan paltar tikir və s. Evin tikilib və ya maşının düzəldilib hazır olması kamal deyil, ondan səmərəli istifadə və bəhrələnmək kamal hesab olunur.

Amma Allahın gördüyü işlər və nəticə arasında həqiqi rabitə bərqərardır. Yəni hər bir işin nəticəsi həmin işin kamalı deməkdir. Allah yaratdığı hər bir varlığı kamala doğru istiqamətləndirir və onu son mərhələyə çatdırır. Adi toxumun göyərərək yerdən qalxıb buğdaya çevrilib səmərə verməsi, onun son mərhələsi və kamala çatması deməkdir.

Bu günlər bir çoxlarının, haqqında mübahisə etdikləri məsələlərdən biri də dünya və təbiətin daimi dəyişkən və qeyri-sabit olmasının isbatı haqqındadır. Belə bir əqidəyə əsaslananlar dünyanın daim hərəkətdə olduğunu və yetkin nəticəyə çatmadığını iddia edirlər. Yəni dünya hər hansı bir mərhələni arxada qoyduqdan sonra, yeni mərhələlərlə üzləşir və beləliklə yeni-yeni mərhələləri keçərək həqiqi məqsədə<