İŞİD-in Qəzzə zolağına qarşı hərbi hücum hədəsi
İyul 01, 2015 10:03 Asia/Baku
Terrorçu İŞİD qrupu Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ı hərbi hücumla hədələyib.
Röyters xəbər agentliyinin məlumatına görə, İŞİD ünsürlərindən biri dünən gecə bu qrupun Suriyadakı qərargahından yayılan bir video-müraciətdə Qəzzə zolağı və Həmas-a qarşı təhdidlə çıxış edərək, iddia edib ki, Qəzzə zolağı Yaxın Şərqdə İŞİD-in nəzarəti altında olan məntəqələrdən birinə çevriləcək.İŞİD həmçinin iddia edib ki, Suriyada, xüsusən "Yərmuk" fələstinli didərginlər düşərgəsində baş verənlər Qəzzə zolağında da baş verəcək.
Belə bir halda, terrorçu İŞİD qrupu son zamanlar Qüdsdə bəyanat yayaraq, bu şəhərin xristianlarına işğal olunmuş Qüdsü tərk etmək üçün mübarək Ramazan ayının sonunadək möhlət verib.
İŞİD-in Həmas-a qarşı hücumları elə bir haldadır ki, son vaxtlar sionist rejimin müharibə naziri Muşe Yəəlon bu rejimin Suriyadakı terror qruplarına köməklərinin artmasından söz açıb.