Bəşşar Əsəd: Federal olmaq Suriyanı məhv edər
Suriya prezidenti Bəşşar Əsəd bu gün bir daha Suriyanın federal dövlət edilməsi planının bu ölkəni məhv edəcəyini bildirdi.
Rusiya əl-Yəum informasiya kanalının verdiyi məlumata görə, Bəşşar Əsəd Dəməşqdə səfərdə olan Rusiya Parlamentinin nümayəndə heyəti ilə görüşdə Suriya Konstitusiyasında xalqın iştirakı və himayəsi ilə islahatların aparılması məsələsinin gündəmə gətirilməsini zəruri adlandırıb və deyib: Yeni Konstitusiya Suriya xalqı tərəfindən təsdiq edilməlidir.
B.Əsəd əlavə edib: Suriya Konstitusiyası sekularizm prinsipi əsasında hazırlanmalıdır.
Suriya prezidenti həmçinin, var gücü ilə suryalı xristiyanları himayə edəcəyini vurğulayaraq, Suriyanın və Yaxın Şərq ölkələrinin kiçik dövlətlərə parçalanması barədə xəbərdarlıq edib.
Bəşşar Əsəd həmçinin, Suriya böhranının Cenevrə sülh müzakirələri çərçivəsində həll edilməsi məsələsinə nikbin yanaşdığını söyləyib.
Rusiya parlamentinin nümayəndə heyəti çərşənbə günü(sabah) keçirilməli olan Suriya parlament seçkiləri barədə bildirib: Suriyada keçirilməsi planlaşdırılan parlament seçkilərinin gedişində firqəçilik və tayfaçılıq kimi hansısa ixtilaflar müşahidə edilməyib.