Okt 25, 2016 11:11 Asia/Baku
  • Pakistanın cənub-qərbindəki terror hücumunun qurbanlarının sayı artıb
    Pakistanın cənub-qərbindəki terror hücumunun qurbanlarının sayı artıb

Pakistanın cənub-qərbində yerləşən Bəluçestan əyalətinin mərkəzində baş vermiş terror hücumunun qurbanlarının sayı 60 nəfərə çatıb.

Daxil olan məlumata görə, bir qrup terrorçunun dünən gecə yarısı Pakistanın Kvetta şəhərinin ətrafında yerləşən polis akademiyasına qarşı hücumunda indiyədək azı 60 nəfər ölüb, 116 nəfər də yaralanıbdır.

Xəstəxana mənbələri bildiriblər ki, yaralılardan bir qrupunun vəziyyətinin ağır olmasına görə, həlak olanların sayının artması ehtimalı var.

Pakistan ordusu bildiribdir ki, dünən gecə yarısı 5-6 terrorçu polis akademiyasının içərisinə girə bilib və onlardan bəziləri özlərinin partlayıcı gödəkçəsini partlada biliblər.

Bu partlayışların ardınca təhlükəsizlik qüvvələri terrorçularla toqquşublar. Nəticədə hücumçulardan üçü öldürülüb, yerdə qalanları isə qaçıblar.

Pakistanın Bəluçestan əyalətinin baş naziri deyib ki, bu hücum öncədən planlaşdırılıbmış.

Bəzi məlumatlara görə, Lashkar-e-Jhangvi adlı terror qrupu bu hücumun məsuliyyətini üzərinə götürüb.

Kvetta şəhəri Pakistanın Bəluçestan əyalətinin təhlükəli şəhərlərindəndir ki, vaxtaşırı terror hücumları və şose yollarının kənarında yerləşdirilmiş bombaların partlaması səhnəsi olur. Bu hadisələr indiyədək bu şəhərdə şiələr daxil olmaqla yüzlərlə nəfərin ölməsi və yaralanması ilə nəticələnibdir.

Teqlər