Qılıçdaroğlu müxalifətə qarşı təzyiqlər barədə xəbərdarlıq edib
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri müxaliflərə və hökumətin tənqidçilərinə qarşı təzyiqlərin güclənməsi barədə xəbərdarlıq edib
Hürriyyət qəzetinin verdiyi məlumata görə, Kamal Qılıçdaroğlu dünən CHP-nin Ankarada keçirilən toplantısında iqtidarın müxaliflərə qarşı təzyiqlərinin güclənməsinə dair xəbərdarlıq edərək xalqın bu kimi qeyri-qanuni hərəkətlərə qarşı dirəniş göstərməsini istəyib.
Qılıçdaroğlu həmçinin Xalqların Demokratik Partiyasının (HDP) rəhbərləri və bəzi üzvlərinin həbsini qeyri-demokratik hərəkət adlandırıb.
CHP-nin rəhbəri hakim Ədalət və İnkişaf Partiyasının bəzi üzvlərinin Fətullah Gülənin başçılıq etdiyi Hizmət hərəkatına dəstək vermələrinə toxunaraq deyib: Onların da məhkəmə toxunulmazlığı ləğv edilməlidir.
Türkiyə polisi cümə günü səhər çağı ölkənin 5 şəhərində keçirdiyi əməliyyat nəticəsində HDP-nin rəhbərlərindən iki nəfərini və bu partiyanın parlamentdəki bəzi üzvlərini həbs etdi. Həbs edilənlər PKK-ya dəstək verməkdə ittiham olunurlar.