Həşdüş-Şəəbi iki istiqamətdən Tələfərə doğru irəliləyir
İraqın Xalq Səfərbər Qüvvələri Həşdüş-Şəəbi Mosulun müxtəlif istiqamətlərində irəliləməkdədir.
Mosulun qərbində Həşdüş-Şəbi qüvvələri bildiriblər ki, Tələfərin cənub-qərbində Rəkrak bölgəsinə çatıblar. Xalq səfərbər qüvvələri bu şəhərə doğru iki istiqamətdən irəlilədiklərini bildiriblər. Həmçinin İraq ordusunun zabitlərindən biri bildirib: Xalq Səfərbər Qüvvələri ölkənin Hərbi Hava Qoşunlarının dəstəyi ilə Mosul şəhərinin qərb istiqamətində bir neçə kəndi azad edə biliblər.
İraq ordusunun hərbçisi deyib: Hal-hazırda Mosulun dörd kilometr cənubundayıq. Əlbuseyf kəndini mühasirəyə almışıq. Bir neçə saat ərzində bu kəndə daxil olacağıq və gələn günlərdə isə Mosul aeroportunu azad edəcəyik.
Həmçinin Xalq Səfərbər Qüvvələri bu bölgənin bir neçə kəndini İŞİD ünsürlərindən azad etdiyini bildirib.