Əfqanıstandakı Budda heykəli bərpa edilir
-
Əfqanıstandakı Budda heykəli bərpa edilir
Əfqanıstanın informasiya və mədəniyyət nazirliyinin məsul şəxsləri Bamyan şəhərindəki 38 metrlik Budda heykəlinin bərpa edilməsindən xəbər veriblər.
İRİB-nin verdiyi məlumata görə, Əfqanıstanın tarixi şəhərlər və binaların qorunması və bərpası idarəsinin rəisi Əbdüləhəd Abbasi şənbə günü deyib: Ötən həftə Almaniyanın Münhen şəhərində keçirilən iclasda əldə edilmiş razılığa əsasən, bir neçə ölkənin mütəxəssisləri o cümlədən YUNESKO-nun mütəxəssisləri əfqan mütəxəssislər ilə birlikdə Buddanın heykəlini bərpa edəcəklər.
Bu əfqan rəsminin dediyinə görə, Münhen iclasında qərara alınıb ki, Bamyanda Buddanın 38 metrlik heykəli bərpa edilsin. Amma, Budda heykəlinin necə bərpa edilməsi məsələsi gələn ilin oktyabrında keçiriləcək növbəti iclasda araşdırılacaq.
Bundan öncə Əfqanıstan rəsmiləri və müxtəlif ölkələrin mütəxəssisləri arasında bu heykəl habelə, 55 metrlik Bamyan heykəlinin bərpa edilməsi barədə uzun-uzadı müzakirələr aparılsa da, heç bir nəticə əldə edilməmişdi. İndi Münhen iclasında əldə edilmiş razılıq əsasında belə nəzərə gəlir ki, Bamyanda Buddanın iki böyük heykəlindən birinin bərpası ilə bağlı səylər yekunlaşmaq üzrədir.
Bamyanda Buddanın 2 heykəli və bir sıra tarixi bina YUNESKO-nun mədəni irs siyahısında qeydə alınıb. Bu tarixi əsərlərin hamısı məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Bamyandakı Budda heykəlləri 2001-ci ildə Taliban tərəfindən dağıdılmışdı.