Qüds İslami Heyəti: ABŞ səfirliyinin Qüdsə köçürülməsi müharibə elanı deməkdir
Qüds şəhərinin Ali İslami Heyəti bildirib ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi fələstinlilər və müsəlmanlara qarşı müharibə elanı deməkdir.
İRNA-nın verdiyi məlumata görə, Qüds İslami Ali Heyəti dünən bir bəyanat yayaraq bildirib: ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi Qüds şəhərinin bütün müsəlman və xristianlarının hüquqlarının görməməzliyə vurulması deməkdir.
Bəyanata görə , ABŞ-ın mövqeyi, Qüds şəhərini işğal olunmuş şəhər hesab edən beynəlxalq ictimaiyyətin mövqeyi ilə ziddiyət təşkil edir.
ABŞ prezidenti Barak Obama 2016-cı il dekabrın əvvəllərində ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi layihəsini 6 ay müddətinə təxirə saldı.
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp özünün seçki kampaniyası dövründə bu ölkənin səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsi vədini verib, bu isə fələstinli tərəflər və beynəlxalq səviyyədə ayrı-ayrı reaksiyalara səbəb olmuşdur.