Mosulun şərqində onlarla terrorçu məhv edilib
İraq ordusunun hərbi təyyarələri dünən Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin şərqində İŞİD terrorçularının toplaşdıqları ərazini bombalayaraq 90 terrorçunu məhv etdiyini bildirib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraq ordusu və xalq qüvvələri də Mosulun şərqində əl-Müsəlləs əl-Cənubi, Sumer və Əssaherun bölgələrini azad ediblər.
İraqlı qüvvələr Mosulun İŞİD terrorçularının işğalından azad edilməsi əməliyyatının davamında şimal istiqamətindən Mosul universiteti və Mücavirül-Həzbə bölgəsinə doğru irəliləməkdədirlər.
Neynəva polis komandanı Vasiq Həmdani dünən Mosulun şərq məhəllələrində İŞİD cəlladlarından birinin həbs edilməsindən xəbər verib.
Vasiq Həmdani deyib: Bu İŞİD cəlladı öncə İŞİD-çilər tərəfindən yayılan foto-şəkillər araşdırıldıqdan sonra müəyyənləşdirilib və Əssəmah məhəlləsində yaxalanıb.
Neynəva vilayətinin mərkəzi olan Mosulun azad edilməsi əməliyyatına 2016-cı il oktyabrın 17-də İraqın baş naziri və silahlı qüvvələrinin baş komandanı Heydər əl-İbadinin əmri ilə 6 istiqamətdən start verilib.
Dekabrın 15-də sona çatmış Mosulun azad edilməsi əməliyyatının ilk etapında Mosul şəhərinin şərq hissəsinin 56 məhəlləsindən 40-ı İŞİD terrorçularının işğalından azad edilib.
İraqlı qüvvələr dekabrın 29-da Mosulun azad edilməsi əməliyyatının ikinci etapına start verdikləri gündən bəri onlarla məhəlləni azad ediblər və Mosulun şimal istiqamətindən əməliyyatlara yenidən başlayıblar.