Əsəd Riqqə və bütün Suriya ərazisinin azad ediləcəyinə söz verib
Suriya prezidenti Bəşar Əsəd deyir ki, Suriya ordusu üçün sadəcə terrorçu İŞİD qrupunun Suriyanın şimalındakı ən əsas bazası olan Riqqə şəhərinin azad edilməsi deyil, bütün Suriya ərazilərinin azad edilməsi prioritet təşkil edir.
Bəşar Əsəd Fransa medialarına müsahibəsində deyib: Riqqə sadəcə bir simvoldur, İŞİD Dəməşqin yaxınlığındadır, İŞİD terrorçuları hər yerdə vardırlar.
Əsəd Fransada baş verən son terror aktının İŞİD-in Suriyadakı bazalarında planlaşdırılmış olduğunu qətiyyətlə deməyin mümkün olmadığını bildirərək deyib:
Döyüşün genişlənməsini nəzərə alaraq hər yer bizim üçün prioritet təşkil edir.
Suriya prezidenti deyib: İŞİD terrorçuları hal-hazırda Palmira və Suriyanın şərq hissəsindədirlər, bizim üçün hər yer eynidir, Riqqə, Palmira, İdlib, bizim üçün bunlar biri-birindən fərqlənmir.
Əsəd deyib: Hər bir dövlətin vəzifəsi ölkənin ərazi bütövlüyünü təmin etməkdir.
Suriya prezidenti müsahibəsinin başqa bir hissəsində Beynəlxalq Amnistiya Təşkilatının Dəməşqin yaxınlığında bir həbsxanada məhbusların qətlə yetirilməsi və onlara işgəncələrin verilməsi barədə Suriya dövlətinə qarşı son ittihamlarına da münasibət bildirib.
Əsəd deyib: Beynəlxalq Amnistiya Təşkilatının uşaqyana hesabatında heç bir fakt təqdim olunmayıb.
Suriya prezidenti deyib: Onlar müxalifətdən olan bir neçə şahidin sözlərinə istinad etdiklərini bildirdilər, bu isə həmin hesabatın qərəzli olduğunu göstərir.
Əsəd Suriya həbsxanalarında işgəncə ittihamı barədə deyib: Biz bunu etmərik, siyasətimiz belə deyil, nəyə görə işgəncə verməliyik? Sadismimiz varmı? məlumat almaq üçünmü? Bizdə bütün məlumatlar var.
Suriya prezidenti deyib: Biz bu kimi cinayətlərə əl atsaq, oyunu terrorçular udmuş olacaqlar. Əsas məsələ Suriya xalqının könlünü almaqdır, biz cinayətə əl atmış olsaydıq son altı il müharibədə ümumölkə dəstəyə malik olmazdıq.
Suriya prezidenti Türkiyə, Rusiya və İranın təşəbbüsü ilə Qazaxıstan paytaxtı Astanada keçirilən Suriya sülh müzakirələrinin 3-cü etapı barədə isə deyib: Qərb təsirsiz oyunçuya çevrilib.