İraq qüvvələri Mosulun qərbində irəliləməkdədirlər
İraq ordusu və xalq səfərbər qüvvələri Mosulun qərb istiqamətində Sabuniyyə kəndini və bu bölgənin qatar stansiyasını terrorçu İŞİD qrupunun işğalından azad ediblər.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, bu əməliyyatda iraqlı qüvvələr Sabuniyyə kəndinə irəliləyiş qarşısında duran maneələri aradan qaldırmaq üçün Abrams tanklarından faydalanıblar və eyni zamanda ordu vertolyotları da toqquşma ərazisindən qaçmaqda olan İŞİD terrorçularını hədəfə alaraq onları məhv ediblər.
Sabuniyyə kəndinin azad edilməsindən sonra Ətşan sıra dağlarının yaxınlığında Reyhaniyyə kəndində yerləşmiş olan İŞİD terrorçuları bu kəndə daxil olaraq iraqlı qüvvələrə qarşı əməliyyat həyata keçirməyə cəhd göstəriblər amma iraqlı qüvvələr onları zərərsizləşdiriblər.
Eyni-zamanda İraq ordusu hava qoşunlarının dəstəyi ilə Mosulun qərbində Səlal və Kumul-Həbib kəndlərində İŞİD mövqelərini dağıdıblar, bu əməliyyatda 30 terrorçu öldürülüb.
Öncə də İraqın federal polis rəisi Raid Şakir Cövdət demişdi ki, İŞİD-in xüsusi qüvvələrinin başçısı Əbdül-Qadir Saleh 30 terrorçu ilə birlikdə Mosulun Əl-Cəsərül-Xamis ərazisinə raket hücumunda öldürülüb.
İraqlı qüvvələr 2017-ci il fevralın 19-da Mosul şəhərinin qərb hissəsinin azad edilməsi əməliyyatına start veriblər. İndiyədək həmin hissənin 60 faizi terrorçulardan azad edilib və iraqlı qüvvələr irəliləməkdədirlər.