Suriya ətrafında gedən yeni "kimyəvi silah" oyunu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264802-suriya_ətrafında_gedən_yeni_kimyəvi_silah_oyunu
Qərb Suriyanın İdlib vilayətində, Xan Şeyxun şəhərində baş vermiş faciədən sui-istifadə edərək, Əsəd hökumətini kimyəvi silahdan istifadə etməkdə ittiham etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 14:56 Asia/Baku
  • Suriya ətrafında gedən yeni
    Suriya ətrafında gedən yeni "kimyəvi silah" oyunu

Qərb Suriyanın İdlib vilayətində, Xan Şeyxun şəhərində baş vermiş faciədən sui-istifadə edərək, Əsəd hökumətini kimyəvi silahdan istifadə etməkdə ittiham etməyə çalışır.

BMT Təhlükəsizlik Şurasının dünən axşam Suriyanın İdlib vilayətində, Xan Şeyxun məntəqəsinə edilmiş kimyəvi hücumun araşdırılması ilə bağlı təşkil etdiyi fövqəladə iclası nəticəsiz başa çatıb. Qərb dövlətləri Xan Şeyxuna edilmiş kimyəvi hücumda Suriya dövlətini müqəssir qələmə vermək istəyirlər. ABŞ prezidenti Donald Tramp da İdlibə edilən kimyəvi  hücuma görə Əsəd hökumətinin  məsuliyyət daşıdığını bildirib və bu hadisənin onun Suriya ilə bağlı baxışlarını dəyişdirdiyini deyib. Rusiya isə Suriyada kimyəvi silahlardan istifadə ilə bağlı yeni bir qətnamə layihəsini BMT TŞ-də gündəmə gətirəcəyini bildirib.

 

İRİB-nin müxbiri:

Suriyanın İdlib vilayətində yerləşən və 50 min sakini olan Xan Şeyxun şəhərində faciə. Kimyəvi qazdan zəhərlənmə yüzlərlə şəhər sakininin nəfəsini kəsib. Şəhəri öz işğalı altında saxlayan silahlı müxalif qruplar baş verənlərin Suriya ordusunun işi olduğunu iddia edirlər. Suriya ordusu isə bu iddiaları rədd edərək, yaşanan hadisəni terrorçulara məxsus kimyəvi silah emalatxanasında  baş vermiş partlayışın nəticəsi adlandırıb.  Suriyadakı terrorçuları himayə edən Qərb və Ərəb dövlətləri də baş verənlərə görə Əsəd hökumətinin məsuliyyət daşıdığını bildiriblər. ABŞ prezidenti Donald Tramp da Vaşinqtonda, İordaniya kralı Abdulla ilə birgə mətbuat konfransında Suriya hökumətinə hədə-qorxu gəlib.

 

Donald Tramp – ABŞ prezidenti:

“Günahsız uşaqları qırğın etdiyiniz zaman, bütün qırmızı xətləri keçmiş olursunuz. Kimyəvi hücuma görə biz Əsəd hökumətini müqəssir hesab edirik və Vaşinqton buna dözməyəcək. Bu hücum ilə mənim Suriya məsələsinə baxışım dəyişmiş oldu.”

 

Trampın bu açıqlaması ilə bir vaxtda Nyu-Yorkda, BMT-nin Təhlükəsizlik Şurasında Xan Şeyxun hadisəsi ilə bağlı təşkil edilən fövqəladə iclasda Qərb dövlətlərinin bütün səyləri nəticəsiz qalıb. Əsəd hökumətini müqəssir elan etməyə çalışan Qərb dövlətləri Rusiyanın müqaviməti ilə üzləşdilər.  Rusiyanın qənaətinə görə, müzakirə masasında deməyə sözü olmayan silahlı qruplaşmalar indi Xan Şeyxunda cinayət törətməklə ABŞ və Qərbi təhrik və Suriyaya hərbi müdaxiləyə zəmin yaratmaq istəyirlər.

 

Pyotr İliçov – Rusiyanın BMT-dəki nümayəndəsi:

“Kimyəvi silahdan istifadə Suriya dövlətinin baxışlarına tam zidd bir hərəkətdir. Nə üçün Suriya dövlətinin Cenevrə və Astana sülh müzakirələrində aktiv iştirak etdiyi və siyasi proseslərdə yaxşı irəliləyişlərin şahidi olduğumuz bir dövrdə belə bir hadisə baş verir. Amerika kimyəvi silahları özünün qırmızı xətti elan edir və silahlı qruplaşmalar bundan sui-istifadə edərək, ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə yol açmaq istəyirlər. Buna görə də Rusiya Suriyada kimyəvi silahdan istifadə ilə bağlı yeni bir qətnamə layihəsi təqdim etmək istəyir. ”

 

Xan Şeyxun faciəsi Suriya böhranı ilə əlaqədar Cenevrə və Astana sülh müzakirələri habelə, Suriyaya humanitar yardımlarla bağlı Brüssel iclası ilə bir vaxta təsadüf edib. Bunun bir təsadüf olduğuna inanmaq isə bir qədər çətindir. Suriya nümayəndə heyətinin bütün müzakirələrdə aktiv iştiraka malik olduğu və Suriya ordusunun da Hələbi azad etməklə döyüş meydanında üstünlüyünü təmin etdiyi bir şəraitdə, kimyəvi silahdan istifadə və kimyəvi qazdan zəhərlənmiş insanların təsvirlərinin qərb mediaları və sosial şəbəkələrdə geniş formada yayılması, heç şübhəsiz, terrorçuları himayə məqsədi ilə Suriya dövlətinə təzyiqlərini artırması üçün dünya ictimaiyyətini qıcıqlandırmaq xarakteri daşıyır. İndi bu yeni oyunun nəticəsinin nə olduğunu zaman göstərəcək.