Mosulun qərbində daha bir məntəqə azad edilib
İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin ətraf məntəqələrinin azad edilməsi əməliyyatının davamında bu şəhərin qərbində yerləşən bir məntəqə də dünən axşam çağı tam şəkildə İŞİD-in işğalından çıxarılıbdır.
Neynəva vilayətinin azad edilməsi əməliyyatının komandanlığı dünən axşam strateji Muşəyrifə məntəqəsinin azad edilməsini təsdiq edərək, bildirib ki, iraqlı qüvvələr bu məntəqəni azad edərək, şəhərin tam şəkildə azad edilməsi ərəfəsindədirlər və Mosulun qərb hissəsinin tam şəkildə azad edilməsinə təkcə 12 məhəllə qalıbdır.
IRIB-nin iraqlı mənbələrə istinadlı məlumatına görə, İŞİD terrorçuları iraqlı qüvvələrin Mosuldakı irəliləyişlərini əngəlləmək üçün mülkilərdən insan qalxanı kimi istifadə edirlər.
Mosulun azad edilməsi əməliyyatı 2016-cı il oktyabrın 17-dən başlanıb və 2017-ci il yanvarın 24-də şəhərin şərq hissəsi tam şəkildə azad edilib, lakin şəhərin qərb hissəsinin azad edilməsi bir neçə ayın keçməsinə rəğmən, əhali izdihamı və qədim məhəllələrin mövcud olması səbəbindən hələ də nəticəyə çatmayıbdır.
Hal-hazırda iraqlı qüvvələrin İŞİD ünsürləri ilə əksər döyüşləri Mosulun qədim məntəqəsində, tarixi Əlnuri məscidinin ətrafında gedir.