İraq könüllü xalq qüvvələri Suriya ilə sərhədlərə nəzarəti təmin edir
İraqın könüllü xalq qüvvələri terrorçuların ölkəyə girişini önləmək üçün Suriya ilə sərhədlərə torpaq sədd çəkməyə başlayıb.
İraqın baş naziri Heydər İbadi də bu xəbəri təsdiq edərək, deyib: Bütün iraqlı qüvvələr ali baş komandanlığın nəzarəti altında terrorizm ilə mübarizə aparırlar. Heydər İbadi həmçinin iraqlı qüvvələrin Suriya ərazisinə daxil olması ilə bağlı İraq hökumətinin hansısa proqramı olmadığını deyib. Digər tərəfdən Rusiya xarici işlər naziri ölkəsinin Suriyada İŞİD terrorçularına qarşı hava hücumlarının davamına təkid edərək, deyib: Rusiya qüvvələri Suriya ərazisinin istənilən nöqtəsində İŞİD terrorçularını müşahidə etdikləri anda onlara hücum edəcəklər.
İRİB-nin müxbiri:
İraqlı qüvvələr Suriya ilə sərhədləri torpaq sədlə bağlamağa başlayıblar. İŞİD terrorçularının Suriya ərazisindən İraqa daxil olmasını önləmək üçün onlarla buldozer qızmar günəş altında Şam səhrasında torpaq sədlərin çəkilməsi ilə məşğuldur. Elə 3 il bundan öncə İŞİD terrorçuları İraq siyasətçiləri və hərbçilərinin qəflətdə olmasından sui-istifadə edərək, Suriya sərhədlərindən keçib, İraqın daxilinə hücum etmişdilər. İŞİD terrorçuları o zaman İraqın şimal-qərb hissələrini və Mosul şəhərini işğal etmişdilər. İndi 3 il sonra, iraqlı qüvvələr öz aralarında birlik yaradaraq, yenidən Suriya sərhədlərinə geri qayıdıblar və İŞİD virusunun yenidən ölkəyə yoluxmasını önləmək üçün lazımi tədbirlər görürlər. İraq ordusu və polis qüvvələrinin Mosul şəhərinin terrorçulardan təmizlənməsi ilə məşğul olduqları bir vaxtda, könüllü xalq qüvvələri də sərhəd məntəqələrə nəzarəti təmin edərək, bu əraziləri terrorçulardan təmizləyir.
Əhməd Əsədi – İraqın könüllü xalq qüvvələrinin sözçüsü:
“Könüllü xalq qüvvələri ordu və hökumət ilə tam ahəngdar qaydada döyüş meydanına daxil olub. Bu qüvvələr 6 ay ərzində 10 min kvadrat kilometr ərazini azad etməyi bacarıb. Sərhədlərdəki məqsədimiz terrorçuların nüfuz yollarını bağlamaqdır. İraqlı qüvvələrin sərhədlərə irəliləməsi, suriyalı qüvvələr üçün də bu işi görməkdə müsbət təsirə malikdir.”
İRİB-nin müxbiri:
İraq hökuməti də könüllü xalq qüvvələrinə tam dəstək verərək, bu qüvvələrin icazəsiz şəkildə Suriya ərazisinə daxil olması ehtimalı barədə səsləndirilən iddiaları da rədd edib.
Heydər İbadi – İraqın baş naziri:
“Sərhəd məntəqələrə nazarətin təmin edilməsi ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Biz digər ölkələrin daxili işlərinə müdaxilə etmək niyyətində deyilik. Könüllü xalq qüvvələrin Suriya ilə sərhədlərə yerləşdirilməsində məqsəd terrorçuların ölkəyə girişini önləməkdir. Bütün iraqlı qüvvələr vahid komandanlıq altında terrorçular ilə savaşırlar. Könüllü xalq qüvvələri də ordu və ölkə rəhbərliyi ilə tam ahəngdar qaydada sərhədlərə nəzarəti təmin edir.”
İRİB-nin müxbiri:
Sərhədlərin digər tərəfində isə Suriya ordusu terrorçulara qarşı savaşı davam etdirir. Rusiya qırıcıları da Suriyada İŞİD terrorçularının mərkəzi olan Rəqqədə terrorçuların istənilən hərəkətini raket zərbələri ilə cavablandırır. Və Rusiya xarici işlər nazirinin dediyinə görə, bu hücumlar davam edəcək.
Sergey Lavrov – Rusiya xarici işlər naziri:
“Rusiya qırıcıları Rəqqəni tərk etməyə çalışan terrorçuları hədəfə alıb. Və bu hücumlar bundan sonra da davam edəcək. Rusiya qüvvələri Suriyanın istənilən nöqtəsində terrorçuları müşahidə etdikləri zaman onlara hücum edəcəklər. Biz terrorçuları və onların bazalarını hədəfə almaq icazəsinə malikik.”
İRİB-nin müxbiri:
Bura isə Hələbdə kiçik istehsal müəssisələridir. Terrorçuların işğalından yenicə azad edilmiş şəhərdə sənaye artıq canlanmağa başlayıb. İmkanların məhdud olmasına baxmayaraq, həyatın yenidən öz axarına düşməsi üçün bu səylər böyük təsirə malikdir. Yaşamaq eşqi və gələcəyə ümid istənilən savaş və müharibədən daha böyükdür. Və Hələb sakinləri bunu öz hərəkətləri ilə bir daha sübut edirlər.