Qəzzədəki müqavimət hərəkatlarının xəbərdarlığı
Qəzzədəki müqavimət qrupları Əl-Əqsa Məscidinin fələstinlilərin üzünə bağlı saxlanılmasının davam etməsi haqda xəbərdarlıq edərək, bu müqəddəs məkanın zaman və məkan baxımından bölünməsinə icazə verməyəcəklərini bildiriblər.
Cümə günündən etibarən Qəzzə zolağı Əl-Əqsa Məscidi ilə həmrəylik aksiyasını dayandırmayıb. Hər axşam bütün düşərgələrdə yürüşlər təşkil edilir. Gündüzlər isə Qüdsün İslam və Ərəb mahiyyətinə təkid məqsədi ilə piketlər keçirilir, Əl-Əqsa Məscidində namaza qoyulan qadağanın ləğv edilməsi tələb edilir.
Fələstin Alimləri Birliyinin sədri Salam Səlamə deyir: Yəhudilər odla oynayırlar. Əgər xalqı sadəcə müsəlmanlara aid olan Əl-Əqsa Məscidində öz dini ayinlərini icra etməkdən məhrum edərlərsə, odla oynamış olarlar. Çünki, insanların dini hislərini təhrik edirlər. Belə olarsa nə yəhudilər, nə Amerika, nə Avropa nə də onların silahları heç bir işə yaramayacaq.
Bir fələstinli isə deyir: Əl-Əqsa məscidinə təcavüz yeni məsələ deyil. Yeni olan məsələ İslam Ümmətini dərin yuxuya dalmasıdır. Əgər Əl-Əqsa məscidini və öz müqəddəslərini müdafiə etmək üçün oyanmazsa, bəs nə zaman oyanacaq?
Müqavimət qrupları Əl-Əqsa Məscidini müdafiə etmək üçün bütün vasitələrdən istifadə haqqına malik olduqlarını vurğulayaraq, Qüds və Qərb Sahilində əməliyyat həyata keçirənləri alqışlayıblar.
Xalq Müqavimət Komitələrinin sözçüsü Əbu Mücahid deyir: Biz müqavimət yolunda əməliyyatların şahidi olmuşuq. Bu Fələstin övladlarını sevindirdi. Bunun müqabilində sionistlərin Əl-Əqsa Məscidini bağlamasının şahidiyik. Bunun qarşısını almaq lazımdır. Biz, öz vəzifəmizə əməl etməliyik. Əl-Əqsa Məscidi qarşısında üzərimizə düşən vəzifəni yerinə yetirməliyik.
Fələstinlilər bildirirlər ki, hazırda Əl-Əqsa Məscidində baş verənlər məscidin zaman və məkan baxımından bölünməsi siyasətinin bir paçasıdır. Buna görə də, bu təhlükəli addıma ciddi reaksiya verilməlidir.
İslami Müqavimət Hərəkatının rəhbər üzvlərindən olan Davud Şəhab isə deyir: Bu aşkar təcavüzkarlıqdır və biz var gücümüzlə bunun qarşısında dayanacağıq. Tam aşkar formada elan edirik ki, bu təcavüzkarlıq işğalçılara baha başa gələcək.
Qəzzə və Qüds arasındakı məsafə 80 kilometrdən daha azdır. Lakin, Qəzzə zolağından dünyanın istənilən nöqtəsinə getmək namaz qılmaq üçün Əl-Əqsa Məscidinə getməkdən daha asandır. Buna baxmayaraq, fələstinlilərin gözü Betül Müqəddəsə tikilib və ürəkləri Əl-Əqsa Məscidi ilə döyünür.