Suriyanın Deyrəzzur hava limanının mühasirəsi yarıldı
Suriya ordusu və müttəfiq qüvvələr Deyrəzzur hava limanının mühasirəsini yarıblar.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələr bu gün şənbə Deyrəzzur hava limanının mühasirəsini yararaq, strateji əhəmiyyətli Əlvəş, Rəbiat və Xeymüddifa yüksəkliklərini İŞİD terrorçularının işğalından azad ediblər.
Bundan öncə Suriyada Müharibə Xəbərləri Qərargahı ordu qüvvələrinin hava limanının bir kilometrliyinə qədər yaxınlaşmasından xəbər vermişdi.
Suriya Müdafiə Nazirliyi isə Deyrəzzur şəhərinin mühasirəsinin yarılmasından sonra, hazırda terrorçular ilə savaşın son mərhələyə daxil olduğunu bildirib. Və tezliklə Suriyanın son qarışına kimi terrorçuların işğalından azad ediləcəyindən xəbər verib.
Suriyanın Müdafiə Nazirliyi həmçinin bildirib: ABŞ və Avropa tərəfindən Suriya əleyhinə tətbiq edilən sanksiyaların başa çatması Suriyanın bərpa edilməsi əməliyyatının başlanmasına kömək edəcək.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və İsrail tərəfindən himayə edilən terrorçuların Suriyaya axın etməsi və Əsəd hökumətinə qarşı savaş açması ilə başlanmışdı.
Suriya ordusu müttəfiq qüvvələrin köməyi ilə ötən aylar ərzində terrorçulara ağır zərbələr endirməyi bacarıb.