Suriya ordusu Həmada bir kəndi nəzarətə götürüb
Suriya ordusu terrorçularla savaşda irəliləyişlərinin davamında Həmanın şərq ətrafında strateji əl-Hanutə kəndini nəzarətə götürüblər.
SANA-nın məlumatına görə, Suriya qüvvələri bu əməliyyatda onlarla İŞİD ünsürünü öldürüb və yaralayıblar.
Bu arada bəzi KİV bildirib ki, Suriyanın şərqində Deyruz-Zurda bir qrup İŞİD-çi Suriya ordusu qüvvələrinə təslim olub.
Suriyada məlumatlı bir rəsmi bildirib: Suriya ordusu və müttəfiq qüvvələrin Sərda və Təll əl-Kərum bölgələrinin azad edilməsindən sonra, İŞİD-çilər təslim olublar.
Suriya rəsmisinin sözlərinə görə, İŞİD-çilərin təslim olması bu qruplaşmanın Deyruz-Zurda məhvə getdiyini göstərir.
Ötən həftə İŞİD terror qruplaşması Deyruz-Zur vilayətinin müxtəlif bölgələrindən qaçan 27 üzvünü həbs və edam edib.
Suriya qüvvələri 5 sentyabrda Deyruz-Zur şəhərinin üç illik mühasirəsini yarıb və bu şəhərin hərbi bazasını nəzarətə götürüblər.