Ərəbistanın Yəmənə olan hava hücumunda ölənlərin sayı 6 nəfərə çatıb
Ərəbistan qırıcılarının Yəmənin Əl-Cəvf vilayətində yükü ərzaq məhsulları olan iki yük maşınını hədəfə alması nəticəsində 6 nəfər həlak olub, bir qrup insan da yaralanıb.
Daha öncə bu hücumda 2 nəfərin həyatını itirdiyi bildirilmişdi.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Əl-Cəvf vilayətində, Əl-Mətmə məntəqəsində Ərəbistan qırıcıları tərəfindən hədəfə alınan bu yük maşınları aclıqdan əziyyət çəkən insanlar üçün ərzaq daşıyırmış.
Ərəbistan qırıcıları həmçinin, paytaxt Sənanın şərqində yerləşən Nihəm şəhərinin ətrafındakı Rəmad kəndində yaşayış ərazisini bombalayıblar. Nəticədə bir qrup insan ölüb və yaralanıb.
Yəmən ordusu və xalq komitələri qüvvələri isə Ərəbistanın cinayətlərinə cavab olaraq Ərəbistanın cənub və cənub qərbində yerləşən Nəcran, Əsir və Cizan vilayətlərində səudiyyə hərbçilərinin mövqelərini atəşə tutublar. Həmçinin, Əl-Cəvf və Təiz vilayətlərində Ərəbistan muzdlularına qarşı hərbi əməliyyatlar həyata keçirilib.
Bu məlumata görə, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Nəcrana olan hücumlarında 3 Ərəbistan hərbçisi öldürülüb.