Livan Hizbullahı baş katibinin Ərəb Liqasının bəyanatına cavabı
Livan Hizbullahının baş katibi Ərəb Liqasının Hizbullahın Yəmənə ballistik raket göndərməsi ilə bağlı iddiasını rədd edib.
İRİB-nin verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi seyid Həsən Nəsrullah bazar ertəsi günü Ərəb Liqasının Hizbullah və İran əleyhinə olan bəyanatına reaksiya olaraq deyib: Hizbulahı terrorçuluqda və İranı terrorçuluğu himayə etməkdə ittihamlandırmaq yeni hadisə deyil və düşmənlər tərəfindən davamlı olaraq səsləndirilir.
Livan Hizbullahının baş katibi müqavimət qüvvələrinin silahının Livanın təhlükəsizliyinə zəmanət verən və bu ölkənin ərazi bütövlüyünü müdafiə edən amil adlandırıb.
Seyid Həsən Nəsrullah həmçinin, İraqda İŞİD-in sonuncu bazasının da terrorçulardan təmizlənməsini böyük nailiyyət adlandırıb və deyib: İraqlı qüvvələr artıq Suriya sərhədlərinə çatıblar.
O, daha sonra Suriyanın Bukamal şəhərinin terrorçuların işğalından azad edilməsinə işarə edib və deyib: Suriyanın birliyi bu qələbə ilə daha da möhkəmlənib və indi, Hələb, Deyrəzzur və Əl-Məyadin savaşlarının ardınca Bukamal şəhərinin azad edilməsi ilə İŞİD Suriyada məhv edilib.
Livan Hizbullahının baş katibi əlavə edib: Bukamalın azad edilməsi ilə ABŞ-ın Suriyanı parçalamaq üzrə fitnəsi məğlub olub.
Seyid Həsən Nəsrullah sonda deyib: Bütün mübariz qüvvələrə təşəkkür etməklə yanaşı, Sepah-ın Qüds Batalyonu komandanı general Qasım Süleymaniyə xüsusi təşəkkür edirəm.