Yəmənin Ənsarullah hərəkatı Ərəbistan vəliəhdinin iddiasını rədd etdi
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın Yəməndə müharibənin sonunun yaxın olması ilə bağlı səsləndirdiyi fikirləri rədd edib.
İRİB-nin verdiyi məlumata görə Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü Zeyfullah Şami Əl-Cəzirə telekanalına verdiyi müsahibədə deyib: Məhəmməd bin Salmanın Yəməndə müharibənin sonunun yaxın olması ilə bağlı səsləndirdiyi fikirlər yeni və diqqətə alınacaq fikirlər deyil. O, Yəmən müharibəsindən xilas olmaq ardıncadır.
Zeyfullah Şami həmçinin deyib: Yəmən böhranının həlli Yəmənə olan hücumların dayandırılmasıdır. Və Yəmən xalqı Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırğınları və savaş maşını qarşısında möhkəm dayanıb.
Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosunun üzvü əlavə edib: Yəmən xalqı bu gün Ərəbistanın təcavüzləri qarşısında daha ayıqdır və heç bir təhdid və ya hansısa təşviqat kampaniyası Yəmən xalqının iradəsini qıra, təcavüzkarlar qarşısındakı müqavimətini zəiflədə bilməz. Yəmən xalqı öz əlini təslim olmaq üçün deyil, sülh üçün uzadır.
Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman Qahirəyə olan səfəri zamanı bir qrup misirli jurnalistə verdiyi müsahibədə deyib: Yəmən müharibəsi, istefada olan prezidenti Əbdürrəbbə Mənsur Hadinin yenidən iqtidara qaytarılması üzrə təyin edilmiş məqsədlərinə nail olaraq, tezliklə başa çatacaq.