Ənsarullah-ın baş katibi Ərəbistanın məğlubiyyətinə əmindir
Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi deyib: Şübhəsiz, Ərəbistan Suriya və İraqdakı məğlubiyyətlərindən sonra Yəməndə də uğursuz qalacaqdır.
Muhəmməd Əli Əlhusi dünən Yəmənə qarşı səud-amerikan təcavüzünün üçüncü ildönümü münasibətilə Livanın Ələxbar qəzeti ilə müsahibədə Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Yəmənin Ənsarullh hərəkatının təcrid edilməsi barədəki sözlərini puç və dəyərsiz adlandıraraq deyib: Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadi Ərriyadda girov saxlanır və onun nazirlər kabinetinin bəzi üzvləri də bu şəhərdə həbsdədirlər.
Yəmən Ali İnqilab Komitəsinin sədri bildirib ki, ABŞ prezidenti Ərəbistan vəliəhdi ilə əsrin ən böyük silah müqaviləsini imzalayıb. O, əlavə edib: Belə görünür ki, Donald Tramp Barak Obamadan daha çox Ərəbistanı sağmal inək kimi sağmaqda müvəffəq olubdur.
Əlhusi habelə sionist rejimin Yəmən savaşında, xüsusən Qırmızı dənizə çıxan cəbhələrdəki iştirakına toxunaraq, deyib ki, Ənsarullah qüvvələri sionist rejimin Livana qarşı hər cür avantürasına reaksiyada bu ölkəyə göndəriləcəklər, zira çoxlu sayda yəmənli qəbilə sionist rejimlə savaş arzusundadır.
Ərəbistan ABŞ-ın dəstəyilə 2015-ci ilin 26 martında Yəmənə təcavüz edərək, bu ölkəni dəniz, hava və qurudan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla nəfərin də didərgin düşməsinə bais olubdur.
Yəmən xalqının 60 faizindən çoxu qıtlıq və aclıqdan əziyyət çəkir və bu ölkədə yoluxucu xəstəliklər, o sıradan vəba xəstəliyi yayılıbdır.