Yəmənlilər Ərəbistanın cənubuna PUA və artilleriya hücumu keçiriblər
-
Yəmənlilər Ərəbistanın cənubuna PUA və artilleriya hücumu keçiriblər
Yəmən ordusu və xalq komitələrinin pilotsuz uçan aparat və artilleriya bölmələri dünən gecə müştərək bir əməliyyatda səud hərbçilərinin Ərəbistanın cənubunda yerləşən Cizan şəhərinin “Cəbəl Əlqeys” məntəqəsində toplaşdıqları məkanı və onların istehkamlarını hədəfə alıblar.
Yəmənli mənbələr bildiriblər ki, bu əməliyyatda səud muzdurları ağır tələfat və xəsarətə düçar olublar.
Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, təcavüzkarların mövqeləri və təsisatları onların Yəmənə qarşı mühasirə və təcavüzlərinin davam edəcəyi zamanadək yəmənlilərin hücumlarına məruz qalacaqlar.
Belə bir halda, Yəmən ordusu və xalq komitələrinin qüvvələri dünən gecə səud muzdurlarının Yəmənin Təiz əyalətinin Maviyyə rayonunun Zabə məntəqəsindəki irəliləyişini uğursuz qoya və təcavüzkarları böyük tələfata düçar edə biliblər.
Yəmən silahlı qüvvələrinin baş qərargah rəisinin müavini general-mayor Əli Əlmuşəki son zamanlar demişdi ki, yəmənlilər heç bir təcavüzkarın Yəməndən salamat çıxmayacağına söz veriblər.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.