İranla yanaşı Türkiyə də BƏƏ-ni xain sayır-TƏHLİL
Birləşmiş Ərəb Əmirliklərinin sionist rejimlə diplomatik əlaqələr qurması İranla yanaşı Türkiyəni də hiddətləndirib.
SəhərAzəri xəbər verir, Türkiyə hökuməti əmirliklərin İsraillə razılıq əldə edərək ikitərəfli münasibətləri normallaşdırmaq qərarını ikiüzlülük adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, region xalqları Fələstin məsələsinə xəyanət edən və bunu fədakarcasına atılmış addım kimi təqdim etmək istəyən BƏƏ-nin riyakar hərəkətini unutmayacaq və heç vaxt bağışlamayacaqdır.
Bu elə bir haldadır ki, Səudiyyə Ərəbistanı ilə Ərəb Liqasının razılaşmaya qarşı səssiz qalması maraqla qarşılanır. Bunu əlbəttə ki, müstəqil müşahidəçilər heç də təsadüfi saymırlar. Səbəblər tamamilə göz qabağındadır. İrticaçı Ərəb rejimlərinin başçıları devrilməmək, daha doğrusu kürsüsünü ititrməmək üçün ABŞ-a sığınıblar. Bu səbəbdən Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn və Oman kimi ölkələrdə Fələstin məsələsi ilə bağlı yürüdülən siyasətdə böyük dəyişiklik baş verib. Qondarma rejim isə bunu özünə legitimlik qazanmaq üçün fürsətə çevirib. Bu prosesdə təbii ki, itirən tərəf ərəb rejimləridir və onlar gec-tez öz xalqlarının qəzəbinə tuş gələcəklər.
Bu ilin Həcc müraciətində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei öz müsəlman qardaşına arxalanmaqdansa, düşmənin qucağına sığınan və bir neçə günlük şəxsi mənfəəti üçün düşmənin təhqirləri və zorakılıqlarına dözən, öz xalqının izzət və müstəqilliyini dəyər-dəyməzinə satışa buraxan bəzi dövlət başçılarını ittiham etmişlər ki, onlar zalım qəsbkar sionist rejimin yaşaması ilə razılaşır, gizli yaxud aşkar şəkildə qəsbkar rejimə dostluq əli uzadırlar. “Bunları nəsihət edir və bu rəftarın acı nəticələri barədə xəbərdarlıq edirik”-deyə o həzrət vurğulamışlar.
Bu ibrətli açıqlamaya istinadla demək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin İsrail ilə üzdəniraq "normallaşma" olaraq atdığı addım Fələstin xalqına heç bir fayda verməyən və bu mübarizəyə siyasi sui-qəsd və xəyanətdir. Bu razılaşma İsrail təcavüzünü qanuniləşdirmək və regional sülhə təhlükə yaratmaq cəhdidir. Zira heç kimə sirr deyil ki, Yaxın Şərqdə müsəlman ölkələrinin işğalında, baş verən kütləvi iğtişaş və silahlı qarşıdurmaların yaranmasında İsrailin daima iştirakı və müdaxiləsi olub. Ətrafındakı müsəlman ölkələrində qarışıqlıq, xaos və müxtəlif cinayətlər yaradaraq, Fələstinin işğalı ilə bağlı planlarını rahat həyata keçirmək niyyətində olan İsrail rejimi bununla da sionistlər üçün əmin-aman bir ölkə qurmaq niyyətindədir. Lakin Türkiyə hökumətinin də bildirdiyi kimi Fələstinin günahsız insanları və dünyanın bütün azadlıq sevən xalqları işğalçı və cinayətkar İsrail rejimi ilə münasibətləri normallaşdırmağı və ona şərik olmağı heç vaxt bağışlamayacaq.