Suriya beynəlxalq təşkilatları Ankaranın Həsəkəh vilayətinin suyunu kəsməsini pisləməyə çağırıb
Rəsmi Dəməşq beynəlxalq təşkilatları Türkiyənin Suriyanın Həsəkəh vilayətinin suyunu kəsməsini pisləməyə çağırıb.
SəhərAzəri xəbər veriri ki, Suriya parlamentinin sədri beynəlxalq təşkilatlara məktublar göndərib və Türkiyənin Suriyanın şimal-şərqində yerləşən Həsəkəh vilayətinin əhalisindən bir milyon nəfərdən çox insanın suyunu kəsməsini pisləyib.
Həmud Səbbağ dünən BMT baş katibi Antonio Quterreşə, Avropa İttifaqı, həmçinin ərəb və regional parlamentlər assambleyasının və beynəlxalq birliklərin sədrlərinə otuz yeddi məktub göndərib və onlardan istəyibdir ki, Türkiyənin Suriyanın xalqı və hökumətinə qarşı düşmənçilik hərəkətlərini, o sıradan Həsəkəh vilayətinin sakinlərinin suyunu bir daha kəsməsini pisləyərək, Suriya xalqına qarşı insanlığa sığmayan hərəkətlərini dayandırması üçün Ankaraya qarşı bütün təzyiq vasitələrindən istifadə etsinlər.
Suriya parlamentinin sədri bu məktublarda bildiribdir ki, Türkiyə sisteminin Həsəkəh əhalisinin insani ehtiyaclarına azacıq da olsa belə, məhəl qoymadan siyasi və hərbi hədəflərinin həyata keçirilməsi məqsədilə sudan Suriyanın mülki şəxslərinə qarşı bir silah kimi istifadə etməsi, hərbi cinayət, habelə bütün beynəlxalq hüquq normaları, müqavilələri və konvensiyalarına qarşı açıq-aşkar təcavüz hesab olunur.
Suriya Xarici İşlər Nazirliyi də son zamanlar BMT baş katibinə və bu təşkilatın təhlükəsizlik şurasının sədrinə göndərdiyi ayrı-ayrı məktublarda Türkiyə tərəfindən Suriyanın Həsəkəh vilayətinin və onun ətrafındakı bölgələrin əhalisindən bir milyon nəfərdən çox insanın suyunun kəsilməsini beynəlxalq qanun və nizamnamələrin açıqcasına pozulması adlandırmış və təhlükəsizlik şurasının bu məsələyə dərhal cavab verməsini istəmişdi.
Həmin məktublarda Türkiyənin indiyədək on yeddi dəfə belə hərəkətə əl atdığını bildirən Suriya Xarici İşlər Nazirliyi bu hərəkətləri Ankaranın Suriya hökumətindən bac almaq üzrə səyi istiqamətində dəyərləndiribdir.