Suriyada günəş elektrik stansiyası inşa edilib
Suriyada günəş enerjisindən elektrik enerjisi istehsalı üzrə nəhəng layihə istifadəyə verilib.
SəhərAzəri xəbər verir ki, Suriyalı iş adamı Mazen Həmad Suriyada vətəndaşları narahat edən əsas problemlərdən biri olan elektrik enerjisi çatışmazlığını aradan qaldırmaq məqsədilə Tərtus şəhərində böyük günəş elektrik stansiyası layihəsini maliyyələşdirib və həyata keçirib.
Bu layihə 19 min 576 günəş panelindən ibarətdir ki, 6 min 200 kilovat saat elektrik enerjisi istehsal edir.
Bu stansiya səhərdən axşama qədər təmiz enerji istehsal edir və elektrik şəbəkəsinə ötürür.
Suriyada müharibə nəticəsində ölkədəki elektrik stansiyalarının əksəriyyəti yararsız hala düşüb və dövriyyədən çıxarılıblar. Bu elektrik stansiyalarının təmiri və bərpası da ölkə iqtisadiyyatı üçün milyardlarla dollara başa gəlib və bu səbəbdən də hökumət bərpa olunan və təmiz enerji istehsalı layihələrini inkişaf etdirməyə üz tutub.
Suriyanın, elektrik stansiyaları üçün lazım olan yanacağı əldə etməsinə mane olan bu ölkəyə qarşı kəskin iqtisadi blokada, həmçinin terrorçuların təxribatları nəticəsində qaz quyularının sıradan çıxması fonunda mütəxəssislər elektrik çatışmazlığının yeganə həll yolunun təmiz enerjilər olduğu qənaətinə gəliblər və bu məsələ Suriya hökumətinin bu planları dəstəkləməsinə və ehtiyaclarını təmin etmək üçün hər cür səy göstərməsinə səbəb olub.