Mart 25, 2023 16:42 Asia/Baku
  • Suriyanın şərqində ABŞ-ın 2 bazasına raket zərbələri endirilib

Suriyanın şərqindəki qeyri-qanuni Amerika bazaları ardıcıl ikinci gecə ağır bombardmana məruz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Sabereen News" xəbər kanalı Suriyanın şərqindəki Deyr Əz-Zorda yerləşən "Əl-Ömər" neft yatağındakı ABŞ-ın qeyri-qanuni hərbi bazasının raket hücumlarına məruz qaldığını bildirib.

Məlumata əsasən, ABŞ-a məxsus bu bazada bir neçə ardıcıl partlayış səsi eşidilib.

Al-Aləm kanalı da bildirib ki, ABŞ-ın "Koniko" qaz yatağındakı bazasına da raket zərbələri endirilib və bu bazada raket hücumu sirenası səsləndirilib. 

Əl-Aləm-in Suriyadakı müxbiri ABŞ helikopterlərinin Fəratın şərqindəki Koniko yatağı üzərində intensiv uçuş etdiyini açıqlayıb. 

Bu arada adının açıqlanmasını istəməyən amerikalı hərbçi də Qətərin Əl-Cəzirə kanalına deyib: "Suriyanın şərqindəki bazalarımızdan biri 8 raketlə hədəfə alınıb və bu hücumun ziyanlarını qiymətləndiririk".

Hələlik əlavə məlumat verilməyib.

Bir neçə saat əvvəl də ABŞ işğalçı qüvvələrinin Suriya-İraq sərhədi yaxınlığındakı Əl-Ömər neft yatağında yerləşən hərbi bazasında bir neçə partlayış baş verib.

Cümə günü medialar, Suriyanın şimal-şərqindəki Deyr Əz-Zor vilayətinin bir sıra ərazilərinin bombalandığını bildiriblər. 

Bir neçə saat sonra ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon Suriyanın şərqindəki Deyr Əz-Zor şəhərinə səhər tezdən hava zərbələri endirdiyini təsdiqləyib.

"Reuters" xəbər agentliyi Pentaqona istinadən bildirib ki, Suriyaya edilən bu hava hücumları əvvəlki hücumda Amerika əsgərlərinin yaralanmasına cavab olaraq, həyata keçirilib.

ABŞ Müdafiə Nazirliyi ölkə ordusunun Mərkəzi Komandanlığının Deyr Əz-Zorun şərqində qurumun iddiasına görə, müqavimət qruplarının istifadə etdiyi obyektlərə hava hücumu təşkil etdiyini açıqlayıb.

Pentaqon iddia edib ki, bu hücum qruplardan biri tərəfindən Suriyanın şərqində Əl-Həsəkə yaxınlığında beynəlxalq anti-İŞİD koalisiyasının bazasına endirilən və bir ABŞ əsgərinin həlak olması və daha beş ABŞ hərbçisinin isə yaralanması ilə nəticələnən hava hücumundan sonra həyata keçirilib.

Bu açıqlamadan bir neçə saat sonra Əl-Məyadin telekanalı Əl-Ömər neft yatağındakı ABŞ hərbi bazasının bir neçə raketlə hədəfə alındığını bildirib.

Teqlər