Yəmən Silahlı Qüvvələri ABŞ PUA-sını vurub
Yəmən Silahlı Qüvvələri Səna əyalətinin hava məkanında Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsinin vurulduğunu elan edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya səri oxuduğu bəyanatda bildirib ki, Yəmənin hava hücumundan müdafiə qüvvələri ABŞ-ın MQ-9 pilotsuz təyyarəsini Səna əyalətinin hava məkanında düşmənçilik missiyaları yerinə yetirərkən, vurub. Bu əməliyyat yerli istehsal olan yer-hava tipli raketlə həyata keçirilib.
Yəhya Səri əlavə edib: "Bu, hava hücumundan müdafiə qüvvələrimizin son 24 saat ərzində vura bildiyi ikinci, apreldə isə vurulan altıncı pilotsuz təyyarədir. Beləliklə də "Vəd edilmiş Qələbə Döyüşü" və "Müqəddəs Cihad" zamanı vurulan təyyarələrin sayı 21-ə çatıb.
Yəhya Səri qeyd edib ki, mülki vətəndaşlara, onların əmlakına, dövlət və özəl obyektlərə və infrastrukturlara qarşı hava hücumlarının davam etdirilməsi, Yəmən xalqının iradəsini qırmayacaq və yalnız onların Fələstin xalqına dəstək mövqelərində möhkəmliyini və əzmkarlığını artıracaq.
Yəmən Silahlı Qüvvələri öz bəyanatında Qəzzəyə təcavüz dayandırılana və mühasirə aradan qaldırılana qədər dəstək əməliyyatlarını davam etdirməyə sadiq olduqlarını bir daha bəyan ediblər.