Noy 04, 2025 13:57 Asia/Baku
  • ABŞ Qəzzədə 2 illik geniş mandatla beynəlxalq qüvvələri üçün qətnamə təqdim edib

ABŞ bazar ertəsi günü bir neçə BMT Təhlükəsizlik Şurası üzvünə Qəzzədə ən azı iki il müddətinə beynəlxalq qüvvələrin yaradılması üçün qətnamə layihəsi göndərib.

Axios-un əldə etdiyi nüsxəyə görə, "Həssas, amma təsnif olunmamış" adlandırılan bu qətnamə layihəsi ABŞ-a və beynəlxalq qüvvədə iştirak edəcək digər ölkələrə 2027-ci ilin sonuna qədər Qəzzəni idarə etmək və təhlükəsizliyi təmin etmək üçün geniş səlahiyyətlər verir, bundan sonra isə mandatın uzadılması ehtimalı da var.

Adı açıqlanmayan ABŞ rəsmisi Axios-a bildirib ki, qətnamə layihəsi BMT Təhlükəsizlik Şurası üzvləri arasında qarşıdakı günlərdə müzakirə üçün əsas olacaq və məqsədi yaxın həftələrdə beynəlxalq qüvvənin yaradılması ilə bağlı səsvermə keçirmək və yanvar ayına qədər Qəzzəyə ilk qoşunların yerləşdirilməsidir".

ABŞ rəsmisi vurğulayıb ki, Beynəlxalq Təhlükəsizlik Qüvvələri (ISF) "sülhməramlı qüvvə deyil, icra qüvvəsi" olacaq.

Qüvvə bir neçə iştirakçı ölkədən qoşunları cəlb edəcək və Qəzzə "Sülh Şurası" ilə məsləhətləşmələr əsasında yaradılacaq. ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, bu heyətə rəhbərlik edəcək.

Layihədə həmçinin Sülh Şurasının ən azı 2027-ci ilin sonuna qədər fəaliyyətini davam etdirməsi tələb olunur.