Dek 28, 2025 12:05 Asia/Baku
  • Somalilandın tanınması Yaxın Şərq planının davamıdır? - TƏHLİL

Qondarma İsrail rejiminin Somaliland adlı separatçı bölgəni müstəqil və suveren dövlət kimi tanıması regionun ərəb və müsəlman dövlətləri tərəfindən sərt şəkildə qınanıb.

Reuters agentliyinin məlumatına görə, Somali hökuməti İsrailin bu addımını ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz və qəsdən edilmiş hücum kimi qiymətləndirib. Rəsmi bəyanatda federal hökumətin Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq üçün bütün diplomatik və hüquqi mexanizmləri işə salacağı bildirilib.

Afrika İttifaqı da Somalilandın tanınmasını rədd edib və Somalinin birliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib. Qurum bu cür addımların Afrika qitəsində sülh və sabitliyi ciddi şəkildə təhdid etdiyini bəyan edib.

Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Cibuti də İsrailin qərarını pisləyib, separatçı bölgələrin tanınmasının beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəli presedent yaratdığı barədə xəbərdarlıq ediblər.

Bu addıma İran İslam Respublikası da sərt reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İsrail rejiminin Somalinin suverenliyini və ərazi bütövlüyünü açıq şəkildə pozduğunu bəyan edib. Onun sözlərinə görə, bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

O, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu “təhlükəli və ekspansionist” addıma qarşı qəti mövqe sərgiləməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Associated Press agentliyi ABŞ və İsrailin Qəzzə zolağının fələstinli sakinlərinin Afrika ölkələrində yerləşdirilməsi imkanlarını müzakirə etdiyini yazmışdı. Məlumata görə, bu çərçivədə Sudan, Somali və Somalilandla təmaslar qurulmağa cəhd edilib.

İsrailin “Haaretz” qəzeti isə Tel-Əvivin Somaliland ərazisindən Yəməndəki Ənsarullah qüvvələrinə qarşı əməliyyatlar üçün istifadə variantını nəzərdən keçirdiyini bildirib.

Ekspertlər hesab edirlər ki, Somalilandın tanınması İsrailin Qırmızı dəniz və Bab əl-Məndəb boğazında hərbi-strateji mövqelərini gücləndirməyə yönəlib.