İyun 08, 2020 08:01 Asia/Baku
  • Ermənistandan Qarabağa üçüncü yolun çəkilişi nə deməkdir?

Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir.

SaharAzeri xəbər verir, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin yeni “prezidenti” Araik Arutyunyan iki gün əvvəl işğal altındakı Zəngilan rayonuna baş çəkərkən deyib.

Uzunluğu 150 kilometr olacaq yeni yol Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirməlir. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib.

Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsi isə düşmən ölkənin həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, habelə münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir.

Ermənistanı işğal altındakı Qarabağla birləşdirən üçüncü yolun çəkilişi ideyası İrəvanda neçə vaxtdır müzakirə olunurdu. Lakin bu ideya Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra reallaşma mərhələsinə daxil olub. İlin əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunun ərazisinə gələrək “Arazboyu ərazilərin məskunlaşdırılması” planı haqda danışmışdı. Vanetsyan bildirmişdi ki, onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır.

Ekspertlər bildirirlər ki, Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir. Belə görünür ki, İrəvanda “bir qarış da torpaq qaytarmamaq” prinsipindən geri çəkilmirlər. Bu isə sülh danışıqlarını bütövlükdə zərbə altında qoya bilər.

Beynəlxalq vasitəçilər isə Ermənistan hökumətinin bu provokasiyası qarşısında susqunluq nümayiş etdirirlər. Bununla yanaşı Azərbaycan Xarici İşlər Nazirliyi də hələlik ermənilərin 3-cü yolu barədə bəyanat yaymamışdır. 

Teqlər