İyul 20, 2020 18:22 Asia/Baku
  • Gürcüstan XİN Ermənistana minomyotların çatdırılması məsələsi ilə bağlı bəyanat yaydı

“Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. 

Qeyd olunub ki, Azərbaycanın bir mətbu orqanında dezinformasiya xarakterli məlumat yayılıb və qeyri-dəqiqliyə yol verilib: “Təəssüflər olsun ki, ciddi onlayn nəşr faktları qərəzli şəkildə təsvir edir, ictimaiyyəti çaşdırır və Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır”.

Bildirilib ki, Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və çoxəsrlik dostluq birləşdirir: “Bu münasibətlər daha da inkişaf etdirilir və dərinləşdirilir. Hər iki ölkə regionda mühüm rol oynayır və əhəmiyyətli regional və beynəlxalq layihələri birgə həyata keçirirlər”.

Bəyanatda vurğulanıb ki, mətbu orqanın məqaləsi qərəzlidir və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlib.

Teqlər