Rusiya Qarabağ ermənilərinə vaksin vuracaq
Moskvadan Yerevana Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağ sakinləri üçün vaksin göndərilib.
SəhərAzəri xəbər verir ki, Qarabağ erməniləri üçün hələlik 7500 ikili doz Rusiya vaksini göndərilib. Bu, Qarabağ üçün ilk vaksin partiyasıdır, bu barədə bazar ertəsi Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib.
Vaksin bir müddət əvvəl sülhməramlılara vaksin vuran Rusiya həkimlərinə təqdim ediləcək. Rusiya hökuməti bu aksiyanı Rusiya-Ermənistan “Lazerevski Klubu”nun təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirir. Aksiyanı Qarabağ separatçılarının keçmiş liderləri Robert Koçaryan və Arkadi Qukasyan maliyyələşdiriblər.
Azərbaycanda hesab edirlər ki, bu təşəbbüs sülməramlıların missiyasına daxil deyil və Qarabağda Bakıdan icazəsiz hər hansı bir fəaliyyət Azərbaycan Respublikasının suverenliyinə ziddir. Lakin bütün etirazlara baxmayaraq, Rusiya özünün gizli maraqlarını əsas tutaraq ermənilərə xüsusi loyallıq nümayiş etdirir və onlarla öz vətəndaşları kimi davranır.