Erməniləri Rusiyadan məyus edən nədir?
Erməni parlamentində anti-Rusiya isteriyası güclənir
Ermənistan deputatı Arman Babacanyan parlamentdə çıxışı zamanı Rusiyanı aşağılayıb.
SəhərAzəri xəbər verir, deputat tribunadan rezin ayaqqabı nümayiş etdirərək, bunu Rusiya ilə müqayisə edib.
Babacanyan Ermənistan silahlı qüvvələrinin Rusiya ordusu modelində yenidən qurulmasını tənqid edib. O deyib: “Bilirsiniz bu nədir? Bu, Rusiya istehsalı olan qaloşdur. İndi bu qaloşları modernləşdirmək, yeniləmək istəyirsiniz. Qaloşlar dəyişdirilsə də, onlar modernləşdirilmiş, ya da nanoqaloşlar olaraq qalacaqlar”.
Bununla belə, erməni deputat qeyd edib ki, silahlı qüvvələrdə islahatların aparılması Rusiyanın köməyilə edilməlidir, amma ordunun qurulmasında başqa istiqamətlərə də baxılmalıdır: “Silahlı qüvvələrimizə real modernləşmə üçün yeni şəraitlər yaradın”.
Xatırladaq ki, Ermənistanda seçkilər yaxınlaşdıqca anti-Rusiya isterikası yenidən ara-sıra müxtəlif formada özünü göstərir. Görünən odur ki, Baydenin qondarma “soyqırım”la bağlı məlum açıqlamasından sonra bu kimi hallar artmağa doğru gedir. Belə ki, erməni siyasətçilər ABŞ-la yanaşı Rusiyadan da güclü dəstək gözləyirlər.
Müşahidəçilər bildirirlər ki, Ermənistan siyasətçiləri böyük güclərin Cənubu Qafqaza nəzarət üstündə rəqabət apardıqlarını dərk etməkdə çətinlik çəkirlər. Əslində Baydenin qondarma erməni soyqırımını tanıması geosiyasi oyunun tərkib hissəsi kimi qiymətləndirilməlidir. Rusiya isə Ermənistanla münasibətlərini həmin əsasda davam etdirir və orada Qərbin nüfuzunun qarşısını almağa çalışır.