May 06, 2021 10:17 Asia/Baku
  • Paşinyan Sarkisyanı Azərbaycana Dağlıq Qarabağın yarısını təklif etməkdə ittiham edib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın vaxtilə Dağlıq Qarabağ ərazisininin yarısına qədərini Azərbaycana güzəştə getməyə hazır olduğu iddia edilir.

SəhərAzəri “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

 Paşinyan Sarkisyanın 2016-cı ilin noyabrında "Rusiya bu gün" agentliyinə verdiyi müsahibəni xatırladıb və deyib: "Sarkisyan deyir ki, onlar Azərbaycana 7 rayonu təhvil verməyə hazır idilər. Amma Azərbaycan daha çox tələb edirdi. Sarkisyan hər dəfə Azərbaycanın yeni tələblər irəli sürdüyünü deyir. Mən sizə daha artığını deyəcəyəm – Serj Sarkisyan Azərbaycana daha çox, hətta Qarabağın yarısına qədərini verirdi, amma Azərbaycan "yox" dedi".

O sonra Robert Koçaryanı və Serj Sarkisyanı Dağlıq Qarabağı öz şəxsi maraqları naminə "satmış" satqınlar adlandırıb.

Paşinyanın sözlərinə görə, keçmiş səlahiyyətlilər ermənilərə genetik səviyyədə müharibə qorxusu aşılayıblar. O, Sarkisyanın “pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır” ifadəsini xatırladıb.

Onun fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları məhz əvvəlki hakimiyyət dalana dirəmişdi və bunun nəticəsində də Azərbaycanla müharibə qaçılmaz oldu.

Ermənistanda İkinci Qarabağ müharibəsinin nəticəsi üstündə siyasi böhran davam edir. 20 iyun seçkilərindən sonra isə bunun hansı müstəviyə keçəcəyi hələ bəlli deyil.

 

Teqlər