İranın baş diplomatı İrəvandadır
Zərif Ermənistan XİN başçısı ilə görüşüb - Yeniləndi
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Ara Ayvazyan “Twitter” hesabında bildirib.
Nazirlər arasında təkbətək görüşdən sonra geniş formatda görüşün keçiriləcəyi qeyd olunub. Bunun ardınca iranlı nazir Ermənistanın baş naziri Nikol Paşinyan və bu ölkənin prezidenti Armen Sarkisyanla görüşübdür.
Bu arada İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvanda jurnalistlərə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən deyib ki, İran Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır, ölkələrin ərazi bütövlüyü və xalqların hüquqlarına hörmətlə yanaşır.
M.C.Zərifin sözlərinə görə, hər bir kəskinləşmə, hər bir insan tələfatı ciddi narahatlıq yaradır və bu məsələni sülh yolu ilə mümkün qədər tez həll etmək lazımdır.
İranlı nazir dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, onun gərginliyin azaldılmasına və sülh dialoquna hazır olduğunu gördüyünü söyləyib və deyib ki, Tehran məsələnin sülh yolu ilə həllinə kömək etməyə hazırdır.
Qeyd edək ki, İran İslam Respublikasının XİN başçısı mayın 25-də Azərbaycanda səfərdə olub.