Paşinyan Azərbaycana gözdağı verir
“Heç bir Zəngəzur dəhlizi olmayacaq”
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib ki, heç bir dəhliz yaratmaq məsələsini müzakirə etməyib.
SəhərAzəri-nin məlumatına əsasən, İrəvandakı mitinqdə çıxışı zamanı Paşinyan Ermənistan ərazilərinin statusunun kommunikasiyaların blokdan çıxarılması çərçivəsində dəyişməsini istisna edib.
Nikol seçkiyə saatlar qalmış xal qazanmaq üçün Azərbaycanı ittiham etməkdən də çəkinməyib. O kommunikasiyaların açılmasını Azərbaycanın sərt bəyanatlarının əngəllədiyini iddia edib.
Xatırladaq ki, prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində demişdi: "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik."
Paşinyanın həmçinin erməni diversantların hamısının tezliklə qaytarılacağına ümid etdiyini deyib. Paşinyanın bu açıqlamalarının açı-aşkar seçkidə qalibiyyətə və xalqın səsini qazanmağa hesablandığını görmək mümkündür.