İyun 20, 2021 14:32 Asia/Baku
  • Ermənistan seçkilərində hansı nəticələr ehtimal olunandır?

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Rəsmi məlumata görə, seçici hüququna malik olan vətəndaşların ümumi sayı 2 milyon 600 minə yaxındır.

SəhərAzəri-nin məlumatına əsasən,Ermənistan seçkilərində əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, eks prezident Robert Koçaryan hesab edilir. Koçaryan seçkilərə "Ermənistan" blokunun lideri kimi qatılıb.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan partiya siyahılarında göstərilməsə də, onun başçılıq etdiyi Respublika Partiyası seçkilərə "Şərəf duyuram" bloku ilə qatılır.

Partiyalar üçün keçid həddi 5 faizdir, siyasi bloklar parlamentdə təmsil olunmaq üçün səslərin 7 faizini qazanmalıdır.

Parlament seçkisi tək proporsional seçki sistemi üzrə (partiya və ya birləşmələr siyahıları əsasında) keçirilir.

Əgər səsvermə nəticəsində yalnız iki siyasi qüvvə parlamentdə təmsil olunmaq üçün kifayət qədər səs qazanarsa, qanuna görə, üçüncü, daha çox səs qazanmış siyasi qüvvəyə də parlament üzvü mandatı təqdim olunur.

Siyasi qüvvələrdən heç biri səslərin 50 faizdən artığını qazanmasa və digər parlamentə seçilmiş qüvvə ilə 6 gün ərzində koalisiya təşkil etmək istəməsə, seçkilərin ikinci turu keçirilir. Koalisiya üç siyasi qüvvədən də ibarət ola bilər.

 

 

Teqlər