Noy 06, 2021 12:01 Asia/Baku
  • ABŞ regionda əməkdaşlıq ideyasının əleyhinədir

Rusiyanın NEWS.ru saytı Altılıq Formatının icrası yolunda duran maneələri şərh edib, Vaşinqton əsas müxalif kimi göstərilir.

SəhərAzəri-nin məlumatına əsasən, sayt bildirir ki, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə 2020-ci il dekabrın 10-da İkinci Qarabağ savaşının bitməsi şərəfinə keçirilən paradda “altılıq platforması”nı təklif etsə də, Qarabağ münaqişəsi tərəfləri arasındakı ziddiyyətlərin həllinə ümid yaradan bu təşəbbüs hələ ki, inkişaf etdirilmir.

“3+3” platforması Cənubi Qafqazın üç dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanın böyük qonşuları olan Türkiyə, Rusiya və İranla regional əməkdaşlığını nəzərdə tutur. İlkin olaraq təşəbbüs müəllifləri əsas məqsəd kimi Ermənistan ərazisində nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tuturlar. Bu kommunikasiyalar münaqişə başlayan vaxtdan bağlanıb. Ankara və Bakının təşəbbüsünü Moskva da dəstəkləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövzuya iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla görüşündə də toxunub. Lavrov bildirib ki, “3+3” platformasının işə salınması həm münaqişə tərəfləri, həm də onların qonşularının iqtisadiyatına müsbət təsir göstərəcək.

Bu arada, münaqişə tərəflərindən biri olan Ermənistan “3+3” formatı ilə bağlı birmənalı mövqe sərgiləməyə tələsmir. Ölkənin baş naziri Nikol Paşinyan bəyan edib ki, ilk növbədə söhbətin konkret olaraq hansı əməkdaşlıqdan getdiyini, platformanın hansı məqsədlər güddüyünü və hansı prinsiplər əsasında işləyəcəyini anlamaq lazımdır.

Digər tərəfdən “Altılıq platforması”nın reallaşması ilə bağlı problemlərdən biri də Gürcüstan hakimiyyətinin ona qoşulmaqdan imtinasıdır. Bir müddət əvvəl bu ölkənin baş naziri və XİN başçısı David Zakaliani bəyan edib ki, ölkəsinin 2008-ci ildən bəri diplomatik əlaqələrinin olmadığı Rusiya ilə birlikdə “3+3” formatında iştirakı çətindir.

Bu, bəlkə də onunla bağlıdır ki, gürcülər Birləşmiş Ştatların təsiri altındadırlar və ABŞ Rusiyanın Cənubi Qafqazda güclənməsinə çoxdan mane olmağa çalışır. Bundan əvvəl Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Moskva Vaşinqtonun bəzi prosesləri əngəlləmək və Qarabağla bağlı “3+3” formatının yaradılmasına mane olmaq cəhdlərini görür.

Göründüyü kimi, altıtərəfli formatın işə salınması yolunda çətinliklər çoxdur.

 

Teqlər