Noy 28, 2021 12:12 Asia/Baku
  • Rudenko:  Bu qısamüddətli perspektiv məsələsidir!

Rusiya ümidvardır ki, Cənubi Qafqaz üzrə “3+3” formatlı görüşün (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) keçirilməsi “qısamüddətli perspektiv” məsələsidir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Rusiya XİN başçısının müavini Andrey Rudenko TASS-a bildirib.

Diplomat deyib: “Hələ ki, bu məsələlərin işlənib hazırlanması prosesi gedir, bütün iştirakçıların razılıqlarını almaq lazımdır. Buna nail olunduqda, biz görüşün harada təşkil olunacağını elan edəcəyik. Ümid edirik ki, bu, qısamüddətli perspektiv məsələsidir”.

A.Rudenko əlavə edib ki, görüşün altı dövlətdən birinin paytaxtında keçirilməsi planlaşdırılır. Tbilisi diskussiyalarda iştirak etməyə hazır olmasını bəyan etməyənədək Cənubi Qafqazın üç respublikası və Rusiya, Türkiyə, İran İslam Respublikasının iştirakı ilə “3+3” formatının tərkibində Gürcüstan üçün yer qorunub saxlanılacaq.

Rusiya xarici işlər nazirinin müavini sonra bildirib ki, bu formatın yaradılması təşəbbüsü Türkiyə və Azərbaycan liderlərinə məxsusdur. O deyib: “Bu iki ölkənin prezidentləri “3+3” formatında, - Cənubi Qafqazın üç ölkəsi, Rusiya, Türkiyə, İran, - toplaşmaq və son hadisələr kontekstində bütövlükdə regionda vəziyyəti müzakirə etmək ideyasını dilə gətiriblər. Moskva isə bu təşəbbüsü dəstəkləyib, çünki onu perspektivli hesab edir. “Region ölkələrini bir masa arxasına toplamaq perspektivli ideyadır. Çünki regional problemləri məhz onlar özləri həll etməlidirlər”, - deyə Rusiya xarici işlər nazirinin müavini sonda vurğulayıb.

Teqlər