"3+3" platforması çərçivəsində
Ermənistan Bakı və Ankara iclaslarında iştirak edəcək
Ermənistanın Təhlükəsizlik Şurasının sədri Bakı və Ankaraya getməyə hazır olduqlarını bildirib.
SəhərAzəri-nin Sputnik-ə istinadla verdiyi məlumata görə, Erməni tərəfi Cənubi Qafqaz üzrə "3+3" regional məşvərət platformasının görüşləri Türkiyə və Azərbaycanda keçirilərsə, oraya getməyə və bu ölkələrin nümayəndələrini Yerevanda qəbul etməyə hazırdır.
Bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib.
"Əgər səbəb olarsa, biz regional problemlərin müzakirələrinin təşkili üçün getməyə və bu ölkələri öz evimizdə qəbul etməyə hazırıq", - Qriqoryan deyib.
O eyni zamanda qeyd edib ki, erməni-türk münasibətləri daha çox ikitərəfli formatda müzakirə olunacaq.
"Əgər "3+3" formatında da danışmaq üçün əsas olarsa, biz Türkiyə ilə əlaqə qurmaq və bir-birimizin mövqeyini müəyyənləşdirmək üçün ondan istifadə edəcəyik", - TŞ sədri deyib.
Qriqoryan deyib ki, regional platformanın gündəliyi hələlik müzakirə mərhələsindədir və orada "digər regional suallar və ya iqtisadi imkanlar, məsələn, su ehtiyatlarından istifadə" nəzərdən keçirilə bilər.
Bu yaxınlarda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ermənistanla münasibətlərin normallaşması üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunacaq. Həmçinin Yerevanla çarter aviasiya reysləri də açılacaq.