Mart 12, 2022 10:49 Asia/Baku
  • Ermənistan yalnız MQ-nin nəzarəti altında sülh müqaviləsi bağlamağa hazırdır

İrəvan Bakı ilə sülh danışıqlarının başlaması ilə bağlı Minsk qrupuna müraciət edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Ermənistan tezliklə Azərbaycanla sülh danışıqlarına başlamaq məsələsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edə bilər. 

Ermənistan XİN nümayəndəsi Vahan Hunanyan bu barədə bildirib: “Sənədin imzalanmasından əvvəl, əlbəttə ki, bu mövzuda danışıqlar prosesi aparılmalıdır. Və hər iki tərəfin bəyanatları hələ danışıqlar prosesinə çevrilmədiyindən, ölkələrin birbaşa danışıqlarda zəngin təcrübəsi olmadığından, Ermənistan yəqin ki, yaxın gələcəkdə vasitəçilərə müraciət edəcək”.

Onun sözlərinə görə, məsələ üzərində hazırda iş aparılır.

Hunanyan qeyd edib ki, regional kommunikasiyaların açılması da hökumət üçün prioritet məsələdir və bu istiqamətdə konkret addımlar atılır.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edən Hunanyan bildirib ki, Ermənistan hökuməti ölkənin və Cənubi Qafqaz regionunun sülh yolu ilə inkişafı erası elan etmək strategiyasını rəhbər tutur və bu istiqamətdə müəyyən addımlar atmağa hazırdır.

Bayramov isə bildirib ki, Bakı dəfələrlə İrəvana sülh müqaviləsi bağlamağı təklif edib və çətinliklərə baxmayaraq, münasibətləri normallaşdırmaq barədə düşünmək olar. 

Martın 2-də Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sülh sazişinin bağlanması üçün danışıqlara başlamaq məsələsi gündəmdədir və gündəliyə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası, Azərbaycanla sülh sazişi üzrə danışıqlara başlamaq məsələsi daxildir.

Teqlər