Şarl Mişel :
Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi həll olunmalıdır
Avropa İttifaqı Şurasının prezidenti Mişel Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyan ilə üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən, bu formatda üçüncü müzakirənin səmimi və məhsuldar keçirildiyini deyən Şarl Mişel “Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Biz humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq», - deyə bildirib.
Mişel Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclasının keçiriləcəyindən xəbər verib.
Avropa İttifaqı Şurasının prezidenti kominikasiyaların bərpası barədə anlaşılmaz bəyanatında belə deyib: “liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəliblər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.”
Mişelin dediyinə görə liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər.
«Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir», - deyə Mişel vurğulayıb.
«Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik», - deyə Şarl Mişel bildirib.